Teatr direktorunun vəzifəsinə xitam verilmə səbəbi açıqlandı - YENİLƏNİB + FOTO
Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tofiq Heydərov Nazirliyin müvafiq əmri ilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.
10:04
Lənkəran Dövlət Dram Teatrının direktorunun vəzifəsinə xitam verilib.
Bu barədə APA-ya teatrın mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, direktor Tofiq Heydərovun vəzifəsinə yanvarın 17-dən xitam verilib.
“Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır”, - məlumatda deyilir.
İntiqam Hacılı isə bildirib ki, Lənkəran teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb.
“Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə varsa, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər”.