Havası da, suyu da dərman olan şəhərimiz - VİDEO
Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından əvəzolunmaz kurort şəhəridir.
Şuşanın həyatı 1964-cü ildə Bakıda kurortoloq və fizioterapevtlərin ümumittifaq qurultayından sonra dəyişib. Qurultayda xarici ölkələrin və Sovet İttifaqının görkəmli alimləri iştirak ediblər. Qurultay işini başa çatdırandan sonra iştirakçılar üçün Şuşaya ekskursiya təşkil olunub. Xarici və yerli alimlər havanın tərkibinin xüsusi analizini keçirirlər. Aydın olur ki, Şuşanın havası öz müalicəvi xüsusiyyətlərinə görə dünyaca məşhur olan Davos və Kislovodsk kimi kurort zonalarının havası ilə oxşardır, hətta onlardan daha üstündür.
1967-ci ilə qədər Şuşa yalnız klimatik müalicə kurortu hesab olunub. Həmin ildə Şirlan mənbəyindən Şuşaya mineral su xətti çəkiləndən sonra şəhər klimatik-balneoloji kurort statusu alıb. Şirlan mineral suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində geniş istifadə olunmağa başlanılıb.
Həkim Sevinc Abbasova bildirib ki, hazırda işləmək məqsədi ilə Şuşada yaşayan bir neçə xəstəsi dərman istifadəsini dayandıraraq, əvvəlki narahatlıqları hiss etmədiklərini bildiriblər.
Şuşa kurortunda tənəffüs yolları xəstəlikləri, sinir-əsəb xəstəlikləri, maddələr mübadiləsinin xəstəlikləri, qanazlığı ilə yanaşı, mədə-bağırsaq xəstəliklərinin müalicəsi də mümkün olub. Ümumiyyətlə, Şuşa şəhərinin işğalı ərəfəsində Sanator-Kurort Birliyi binalarının sayı 18-ə çatıb. Burada 316 yerlik Şuşa istirahət evi və 1000 yerlik ümumittifaq əhəmiyyətli sanatoriyanın 6 yataq korpusu, müalicə korpusu, 400 yerlik yeməkxana və sairə fəaliyyət göstərib.
Lakin çox təəssüf ki, 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələrin nəzarətinə keçdikdən sonra bütün turist bazaları tamamilə dağıdılıb.
APA İnformasiya Agentliyi