Feb 02

Can ay kasıb döz hələ

Sən ki, çox dözümlüsən,
Bax beləcə gəz hələ.
Səbrə batır çörəyi
Ye doyunca döz hələ,
Amandı gəlmə dilə.

Qiymət qalxıb eybi yox,
Beş üç qəpik fərq edər.
Varlının nə vecinə
Kasıb bunu dərd edər.
Gör nə qədər dərdlərə
Dözmüşük ki, biz hələ
Amandı gəlmə dilə.

Çörəyin qiymətini
Qaldırdılar yuxa ye.
Alqışla məmurları
Çıxışına əhsən de.
Nə badə haqq deyəsən,
Haqdan əlini üz hələ
Amandı gəlmə dilə.

Hava ilə dolanan
Millətim əhsən sənə.
Səbrinə heyranam mən,
Dərd gəlir qəsdən sənə.
Sən ki, belə dözürsən
Yanacaq bu köz hələ
Amandı gəlmə dilə.

Elə danış özünçün,
Kim eşidər səsini.
Ölüb getsən dərd yarı,
Bitirər nəfəsini.
Amma zülüm odur ki,
Tükənməyib söz hələ,
Amandı gəlmə dilə.
Zülm edərlər bax belə
Amandı gəlmə dilə.

Esmira Günəş

Bənzər xəbərlər

Gündəm

0.035535097122192