20 yanvar, sirrləri hələ də açılmayan QANLI GECƏ
"Bu faciənin bünövrəsi 1987-ci ilin noyabrın 18-də “Humanite” qəzetində A.Aqanbekyanın müsahibəsi zamanı qoyulub. Düzdü, ermənilər buna 1965-ci ildə uydurma soyqırımın "50" illiyi ilə bağlı keçirilən tədbir zamanı İrəvan və Xankəndində qətl etdikləri azərbaycanlıların ölümünü ört-basdır etməkdən sonra hazırlaşırdılar, siyasi proseslər məhz bu müsahibədən başlayır".
Mozalan.az xəbər verir ki, bu sözləri professor Zaur Əliyev Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar danışarkən deyib.
O xatırladıb ki, hadisələr sürətlə Ermənistanın silahlanmasına şərait yaradır:
"Azərbaycanlılara qarşı Ermənistan və Qarabağda hücumlar başlanır, deportasiya, qırğınlar böyük miqyas alacaq idi ki, 7 dekabr 1988-ci ildə Spitak zəlzələsi baş verir. Lakin bu zaman da ermənilər Azərbaycandan köməyə gedən təyyarəyə qarşı terror edirlər və bir müddət sonra isə daha böyük qırğınlar üçün silahlanmaya başlayırlar.
Plan bəlli idi: Sumqayıt hadisələri zamanı ermənilərin əli ilə ermənilərə hücumlar etmək ( SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiq Vladimir Kaliniçenko Eduard Qriqoryanın cinayətkar kütləni yönləndirən şəxs olduğunu təsdiqləmişdi. “Dalğa” və “Sumqayıt” mehmanxanalarında 100-dən çox erməninin gətirilib "Nalyotçik” adı ilə şəhərdə qarışıqlıq salmasını Eduard özü etiraf etmiş idi), Ermənistandan azərbaycanlıları deportasiya etmək və qəzəbli, hər şeyini itirən bu insanların etirazından istifadə edib Bakıda guya ermənilərə hücum ediblər, onları burda qovur və öldürdülər bəhanəsi ilə ordunu şəhərə yeridib soyqırım həyata keçirmək.
Məhz guya Sumqayıtda "ölən" ermənilərin qisasını almaq üçün də Sovet rəhbərliyi Bakıya gətirdiyi 66 min nəfərdən çox əsgər və zabiti tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi.
ASALA üzvlərinin fotoların çəkməkdə şübhəli bilinən Estoniyali müxbir A.Russarın əlindən foto kamera alınıb, cihaz sındırılıb, şəkillər silinib. Daha sonra BBC-nin foto müxbiri və bəzi fotomüxbirlərin şəkilləri əllərindən alınaraq silinib.
Şahidlərin və o vaxtkı hərbi ekspertlərin rəyinə görə, dinc əhaliyə qarşı ən amansız davranan hərbçilərin bir çoxu erməni dilində danışan və ya erməni soyadlı şəxslər olub. Salyan kazarması yaxınlığında dinc əhaliyə atəş açan bəzi bölmələrin daxilində erməni zabitlərinin olması barədə aparılan istintaq sənədlərində qeydlər var.
Müstəqil hərbi ekspertlərdən ibarət olan "Şit"-in hesabatında yazılır ki, "Sovet ordusunda erməni əsilli hərbçilərin olması dinc əhaliyə qarşı qəddarlıq, yaralılara aman verilməməsi, ölənlərin meyitləri üzərində təhqiramiz hərəkətlər edilməsi ilə nəticələndi".
Bakıya daxil olan əsgərlərə isə əmr belə verilir: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər. Təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”. Bu isə tərpənən hədəfi vurmaq anlamına gəlir ki, heç bir şəxsə güzəşt olmayacağı izahını verir".
Professor onu da qeyd edib ki, plana görə sovet ordusu 3 gün Bakıda, Gəncədə və Naxçıvanda etiraz edənləri öldürmək və talan etmək planı var idi:
"Lakin dənizçilərin dünyaya səs salması və əhalinin köməyinə gəlməsi 20-i günü qırğınların dayanmasına səbəb oldu".
Azərbaycanlılar müqavimət göstərib?
"Silahli müdaxilə olubsa, silahlı qarşıdurma normal idi. Onların müasir silahlarına qarşı Bakıda olan milis (polis) və yerli əhali ov tüfənglər, balta və digər silahlar ilə tankların irəli getməsinin qarşısını almağa cəhd edirdilər. Xüsusilə Bakı kəndləri ciddi müqavimət göstərirdi.
Şahidlərin xatirələrində silahsız insanların irəliləyən tankların qarşısında əl-ələ tutaraq dayandığı, hətta bəzi gənclərin tankların üzərinə atılaraq onları dayandırmağa çalışdıqları qeyd olunur. "20 Yanvar" dairəsində insanlar yük maşınlarını bir-birinə zəncirləyərək tankların qarşısını kəsməyə çalışırdılar.
Ən ciddi müqavimət nöqtələrindən biri Salyan kazarması idi. Buradakı hərbi hissənin çıxışları yük maşınları ilə bağlandığı üçün ordu çıxarkən dinc əhaliyə amansız atəş açdı. Cavab olaraq kazarmanın ətrafındakı binalardan və barrikadalardan əsgərlərə qarşı müqavimət göstərildi.
20 yanvar günü dinc əhaliyə atəş əmrini verən tank komandiri mayor Sergey Palkovu tapança ilə 5 güllə vuraraq öldürən,azərbaycanlı zabit Ülvi Dönməz olub. Rus hərbicilərinə qarşı ilk atəşi o açıb. Səlyanski qazarmada atışmada 15 azərbaycanlı 5 rus əsgəri ölmüşdü. Cəmi 23 rus əsgər və zabit ölmüşdü. Ruslar öz itkilərini dəniz yolu ilə aparmağa cəhd edirlər, xırda gəmilər mane olmağa çalışsalar da, onları yarıb meyitləri apara biliblər.
Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılan 100 cildlik istintaq materialının 69 cildi hazırda orda gizli saxlanılır və sənədlərdə qeyd edilir ki, rus əsgərlərin bir qismi qaranlıqda və koordinasiyasız hücum zamanı bir-birini hədəf alması nəticəsində ölüb. Bəzi yerlərdə tanklar və zirehli texnikalar öz arxalarınca gələn piyada əsgərləri görməyərək onları əzmişdilər.
Hətta mülki gəmilərdən birinin kapitanı Rusiya hərbi gəmisi kapitanına xəbərdarlıq etmiş idi ki, "Əgər xalqı qırmağa davam etsəniz, gəmimi sizin hərbi gəminizlə toqquşdurub hər ikisini batıracağam". Nəticə olaraq qeyd edim ki, Rusiya imperiya tarixində ilk dəfə olaraq onlara qarşı müqavimət göstərən və işğalçıya canları bahasına dur deyən məhz Azərbaycan xalqı olub".
Həmidə İbrahimova



















































