Jan 15

Füzulidəki əmi və qardaşı oğlunun faciəsi: Hiss olunmayan ölüm

Füzulinin Qarabağ kənd sakinləri - 49 yaşlı Bayram Hatamov və 28 yaşlı qardaşı oğlu Vüsal Hatəmli avtomobillərinin mühərrikini işlək vəziyyətdə qoyaraq yuxuya gediblər. Onlar mühərrikin yaratdığı karbonmonoksitin yığılması nəticəsində ölüblər. 

Füzuli rayonunda baş verən son faciə bir daha göstərdi ki, dəm qazı (karbonmonoksit) hələ də insanların ən çox diqqətdən kənarda qoyduğu, amma ən ölümcül təhlükələrdən biridir. Əmi və qardaşı oğlunun avtomobildə mühərriki işlək vəziyyətdə saxlayaraq yuxuya getməsi, geri dönüşü olmayan hadisə ilə sonlanıb.

Mozalan.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, karbonmonoksit rəngsiz, qoxusuz və dadı olmayan qazdır. İnsan onu hiss etmir, orqanizm isə çox qısa müddətdə oksigensiz qalır. İlk mərhələdə halsızlıq, başgicəllənmə, yuxululuq yaranır, daha sonra insan huşunu itirir və əksər hallarda artıq kömək etmək mümkün olmur. Xüsusilə qapalı və ya havalandırması zəif olan yerlərdə – avtomobil salonu kimi – bu proses daha sürətli gedir.

Fövqəladə hallar üzrə mütəxəssislər bildirir ki, “bir az isinmək üçün mühərriki yandırıb gözümü dincəldərəm” düşüncəsi ən təhlükəli yanlış təsəvvürlərdən biridir. Hətta açıq havada belə, avtomobilin mühərriki işlək vəziyyətdədirsə, qazlar salonun içinə dolaraq ölümcül konsentrasiyaya çata bilər. Köhnə avtomobillərdə, qaz sızması olan mühərriklərdə risk daha da artır.

Qeyd etmək lazımdır ki, məhz bu cür səssiz səbəbdən ölənlərin sayı heç də az deyil. 

Mütəxəssislər bildirir ki, avtomobildə mühərriki işlək vəziyyətdə yatmaq qətiyyən olmaz. Avtomobilin qaz sistemində nasazlıq şübhəsi varsa, dərhal yoxlanmalıdır. “Bir şey olmaz” düşüncəsi bu hallarda ən böyük risk faktorudur.

Füzulidə baş verən bu hadisə təkcə iki ailənin faciəsi deyil, eyni zamanda cəmiyyət üçün ciddi xəbərdarlıqdır. Dəm qazı səs çıxarmır, xəbərdarlıq etmir, amma bağışlamır. 

Bənzər xəbərlər

Gündəm

0.021420001983643