Amnistiya aktı yalnız məhkumlara tətbiq edilmir - Hüquqşünas
Amnistiya aktı yalnız məhkumlara tətbiq edilmir.
Mozalan.az -ın məlumatına görə, bunu hüquqşünas Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, əfv aktından fərqli olaraq amnistiya, barəsində məhkəmənin qüvvəyə minmiş hökmü olmayan şəxsləri də əhatə edir.
"Əgər həmin şəxslərə qarşı başlanmış cinayət işi aminsitiya aktının müəyyən etdiyi kriteriyalara (maddəyə, imtiyaza, yaş həddinə və s. kriteriyalara) uyğundursa. Əfv isə yalnız şəxslərə və yalnz barələrində məhkəmənin qüvvəyə minmiş hökmü olan şəxslərə tətbiq oluna bilir", - deyə mütəxəssis qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti tərəfindən Azərbaycan Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.



















































