Universitetlərdə semestr imtahanları ləğv edilə bilər
Qarlı və şaxtalı hava şəraiti qış imtahanları dövründə tələbələrin universitetlərə gedib-gəlməsində müəyyən çətinliklər yarada bilər. Bu isə imtahanların onlayn keçirilməsi və ya təxirə salınması məsələsini gündəmə gətirir. Maraqlıdır, qış imtahanları onlayn formada və yaxud ləğv oluna bilərmi?
Mozalan.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, fövqəladə halların baş verdiyi dövrlərdə imtahanların keçirilmə forması və vaxtı dəyişdirilə bilər:
“Ümumiyyətlə, fövqəladə hallar zamanı Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin xüsusi razılığı əsasında imtahanların yeri və vaxtı dəyişilə bilər. Əgər ciddi və təhlükəli vəziyyət yaranarsa, bunun üçün uyğun variant seçilir.”
Ekspertin sözlərinə görə, bu praktika yalnız Azərbaycana xas deyil və digər ölkələrdə də oxşar hallarda tətbiq olunur:
“Məsələ ölkəmiz üçün spesifik deyil. Bütün hallarda ciddi, həlli mümkün olmayan vəziyyət yaranarsa, icra orqanlarının qərarına əsasən imtahanın vaxtı və forması dəyişdirilə bilər.”
Qeyd edək ki, hazırkı mərhələdə qış imtahanlarının onlayn keçirilməsi və ya ləğvi ilə bağlı rəsmi qərar yoxdur. Bu kimi qərarlar yalnız hava şəraitinin kəskinləşməsi və təhlükəsizlik risklərinin artması fonunda qəbul edilir.



















































