Dec 10

Əmək Məcəlləsinə nəzərdə tutulan bu dəyişiklik sui-istifadəyə yol açır - Deputat

“Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanır. Amma məcəllənin 47-ci maddəsində istisnalar var ki, bu da bir sıra hallarda işəgötürənlər üçün sui-istifadəyə yol aça bilir. Məsələn, həmin istisnalardan biri də tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əsasında müddətli müqavilələrin bağlanmasıdır”.

Mozalan.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat hesab edir ki, bu nəinki özəl, həmçinin bir sıra hallarda bəzi dövlət qurumlarında müddətli müqavilələrə üstünlük verməsinə səbəb olur: “Bu da işçilərin əmək hüquqlarının daha yaxından qorunmasında müəyyən çətinliklər yaradır. Nəticədə işəgötürən hətta məsul vəzifələrə belə işçini müddətli əmək müqaviləsi ilə cəlb edir və daha sonra onu bir sıra hallarda asanlıqla işdən azad edir”.

Deputat əlavə edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir: “Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-i müqavilə olmadan işləyir”.

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.019531965255737