Bəzi qurumlarda rəsmi qərar olmasa da iş günlərinin yeri dəyişdirilib
Azərbaycanda bir sıra universitet, məktəb və kurslarda bayramla bağlı iş günlərinin yerləri dəyişdirilib.
Mozalan.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bəzi təhsil müəssisələri dekabrın 27-28-i ilə (şənbə-bazar) dekabrın 29-30-u tarixlərində yerdəyişmə ediblər.
Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar hələ heç bir rəsmi məlumat olmasa da, kurs iştirakçılarına və tələbələrə bildirilib ki, onlar həftəsonu dərslərdə iştirak etməlidirlər.
Məsələ ilə bağlı Nazirlər Kabinetinə (NK) sorğu ünvanladıq. Qurumdan saytımıza bir daha bildirildi ki, bununla bağlı hazırda müvafiq qərar yoxdur.
Xatırladaq ki, 2 həftə əvvəl 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin olacağı ilə bağlı məlumat yayılmışdı.
Qeyd edək ki, bir neçə gün öncə NK 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib.



















































