Tələbə kreditlərindən ən çox kimlər istifadə edir?
Təhsil tələbə kreditlərindən ölkənin bütün iqtisadi rayonları üzrə tələbələr yararlanır. Ümumi göstəricilərə əsasən, ən çox kreditdən yararlanma Bakı iqtisadi rayonu üzrə qeydə alınıb.
Mozalan.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Tələbə Kredit Fondundan məlumat verilib.
Bildirilib ki, bu iqtisadi rayon üzrə indiyədək 16 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.
Fonddan verilən məlumata görə, bölgələr üzrə təhlil göstərir ki, Bakıdan sonra ən yüksək yararlanma göstəricisi Lənkəran-Astara iqtisadi rayonu üzrədir.
“Bu iqtisadi rayondan olan tələbələr tərəfindən 8 minə yaxın kredit müqaviləsi rəsmiləşdirilib. Növbəti ən yüksək göstəricilər isə Gəncə-Daşkəsən və Mərkəzi Aran iqtisadi rayonlarına məxsusdur. Hər iki iqtisadi rayonda 5 mindən çox təhsil tələbə kreditinin rəsmiləşdiyi müşahidə olunur”,- məlumatda deyilir.
Qeyd edək ki, bu müddət ərzində Fonda məxsus elektron portala 84 mindən çox müraciət daxil olub, onlardan 68 mindən çoxu üzrə təhsil tələbə krediti müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilib.



















































