Voronej diaspor rəhbəri Yusif Xəlilov həbsdən azad olundu
Voronej diaspor rəhbəri Yusif Xəlilov həbsdən azad olunub.
Mozalan.az Musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan və Rusiya arasında son 1 ayda müşahidə edilən diplomatik yumşalma fonunda Voronej şəhərində yaşayan tanınmış diaspor təşkilatçısı, iş adamı Yusif Xəlilovun həbsdən azad edilməsi diqqət çəkib.
Xatırladaq ki, iyulun 1-də xüsusi təyinatlıların iştirakı ilə onun evində axtarış aparılmış, o həmin gün sərbəst buraxılmışdı. Lakin avqustun 16-da Xəlilov yenidən rüşvət almaqda şübhəli bilinərək saxlanılmışdı. Yusif Xəlilov Voronej bölgəsində azərbaycanlı icmasının aparıcı simalarından biridir və şəhərdəki ən böyük ticarət məkanlarından sayılan “Alekseyevski” bazarının ortaq sahibidir. Onun həbsdən azad olunması ekspertlər tərəfindən Bakı ilə Moskva arasında qarşılıqlı siyasi jestlərin və kommunikasiya kanallarının yenidən aktivləşməsinin göstəricisi kimi qiymətləndirilir. Bundan əvvəl rəsmi Bakı “Sputnik Azərbaycan”ın həbsdə olan iki nümayəndəsinin sərbəst buraxılmasına imkan yaratmışdı ki, bu da proseslərin tədricən dialoq müstəvisinə keçdiyini göstərir.
Qeyd edək ki, Yusif Xəlilov Voronejdəki ən böyük pərakəndə satış məntəqələrindən biri olan “Alekseyeviski” bazarının ortaq sahibidir.



















































