Oct 15

Ramiz Mehdiyevin ailəsinə də cinayət işi açıla bilər - AÇIQLAMA

Məlum olduğu kimi, ötən gün Prezident Admisnistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilib.

Mozalan.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi R.Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Cinayət işi yekunlaşarsa və məhkəmə ittiham olunduğu cinayətləri törətdiyinə hökm edərsə, R.Mehdiyevi hansı cəza gözləyir?

Mövzu ilə bağlı Mozalan.az -a danışan hüquqşünas, professor Fərhad Mehdiyev qanunvericiliyə əsasən, R.Mehdiyevin (87 yaş) yaşına görə həbs oluna bilməyəcəyini deyib:

“Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi mümkündür, lakin qanun deyir ki, 65 yaşını keçmiş şəxslər ömürlük həbs oluna bilməz. Bu cəza 65 yaşı keçmiş şəxslərə tətbiq edilmir. Bu, eynilə 278-ci maddəyə də (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər) aiddir. Onun çox yaşlı olduğunu nəzərə almaqla veriləcək qərar məhkəmənin mülahizəsinə bağlıdır. Ona azadlığın məhdudlaşdırılması cəzası verilə bilər. Bu cəza da bir qədər ev dustaqlığına bənzəyir. Şərti məhkumetmə cəzası verilən şəxs də həbsə girmir”. 

Hüquqşünas şərti məhrumetmə cəzası ilə ev dustaqlığı cəzası arasında bəzi fərqlər olduğunu bildirib:

“Şərti məhrumetmədə evdə oturma şərti yoxdur. Bu zaman onun üzərinə əlavə öhdəliklər qoyulur. Məsələn, bu zaman şərti məhrumetmə cəzası alan şəxs spirtli içki qəbul etməməli, hardasa işləməli, müəyyən saatlarda evi tərk etməməli, ayağına “qandal” (elektron qolbaq) vurulmalıdır”. 

F.Mehdiyevin sözlərinə görə, R.Mehdiyevə qarşı irəli sürülən 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsi sübuta yetirilərsə, məhkəmənin qərarı ilə onun əmlakları müsadirə edilə bilər:

“Bu maddələrlə cinayət işi açılmış şəxs barəsində Cinayət Prosessual Qanunvericiliyinindən irəli gələn səlahiyyətlər həyata keçiriləcək. Ona artıq ev dustaqlığı verilib. Xarici ölkəyə gedə bilməz. Ayağına elektron qolbaq taxılmalıdır. 

Əgər onun əmlaklarının cinayət yolu ilə əldə olunduğu sübuta yetirilərsə, məhkəmənin hökmü ilə əmlakları müsadirə edilə bilər. 

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddəsi ilə cinayət işçi açıldıqda onun ailə üzvlərinin də cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir”. 

Billurə

Bənzər xəbərlər

Gündəm

0.020356893539429