Məşhurluq insanın sonunu gətirir? - O səsin sahibi də qurban oldu

Son illər dünyada, eləcə də ölkəmizdə bir çox məşhurların narkotik asılılığı ilə mübarizəsi gündəmdən düşmür. Parlaq karyeraların qəfil sonu, dağılan ailələr, sönən həyat hekayələri və arxasında qalan milyonlarla təəssüf dolu baxış. Belə həyat yaşayanlardan biri də müğənni Lalə Altundur. Bir zamanlar məşhur müğənni kimi fəaliyyət göstərən L.Altun 6 ildir ki, narkotikdən istifadə etdiyini söyləyib.
O, pis vərdişə necə başladığından danışaraq bildirib ki, ətrafındakı insanlar narkotikdən istifadə etdiklərinə görə o da maraqlanıb və dadına baxmaq istəyib. Onun sözlərinə görə, son bir ildə vəziyyəti daha da pisləşib, şiddətli ağrılar keçirir. Ailəli olub, 22 yaşında bir oğlu var. Sənət dostları isə hələ də onu unutmur, maddi dəstək göstərirlər.
Bütün bunlar bir sualı daha da aktuallaşdırır: bu cür hadisələrin kökündə nə dayanır?
Məsələ ilə bağlı Mozalan.az -a danışan Ahəng psixoloji inkişaf və dəstək ictimai birliyinin sədri, ailə uşaq psixoloqu Vüsalə Əmiraslanova bildirib ki, insanlar karyera yolunda müəyyən pillələrdən keçirlər və o pillələrdən biri də elə şöhrətlik pilləsidir.
O, təəssüflə qeyd edib ki, tam olaraq şəxsiyyət kimi formalaşmayan insanlar şöhrətpərəstlikdən insanları əzməyə, təhqir etməyə, ya da öz həyatlarını müxtəlif yollarla məhv etməyə çalışırlar:
"Əlbəttə ki, onlar bunu şüurlu şəkildə etmirlər. Bəzən sadəcə əyləncələrə qoşulurlar. Bəzi hallarda narkotik vasitələrdən istifadə, səs-küylü məkanlarda iştirak etmək, özlərini orada daha sərbəst və rahat hiss etmək istəyi və s. onların həyatını məhvə aparır.
Təəssüflər olsun ki, narkotikin verdiyi həzzi artıq nə işdə, nə karyerada, nə də şəxsi həyatda ala bilirlər. Düşünürlər ki, elə narkotikdən istifadə etsək, istədiyimiz həzzə hər zaman çata bilərik. Tək narkotik deyil, alkoqolizmdən əziyyət çəkən məşhurlarımız olub. Ümumiyyətlə, bizim dediyimiz o məşhurluq anlayışı əgər şəxsiyyətin üstünə keçirsə, əlbəttə ki, həyatımıza təsir göstərir.
Əgər bu məşhurluq mənim şəxsiyyətimi daha da irəli aparırsa və mən onun müsbət tərəflərindən insanların həyatına yaxşı təsir göstərmək üçün istifadə edirəmsə, əlbəttə ki, bu, mənim üçün özünü təsdiq forması olmayacaq. Əksinə, bu, insanlara yardım etmək, məşhurlaşaraq daha xoşbəxt olmaq və bu kimi müsbət duyğuları yaşamaq imkanı yaradacaq. Düşünürəm ki, məşhurluğa münasibət insanın şəxsiyyətindən və onun keçmiş travmalarından asılıdır".
Həmidə İbrahimova