Oct 08

Ekran arxasında gizlənən fırıldaq: onlayn alış-verişin riski - AÇIQLAMA

Son illər onlayn ticarət həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bu rahatlığın arxasında getdikcə artan narazılıqlar da gizlənir. Sosial şəbəkələrdə və ictimaiyyət arasında onlayn satış səhifələri ilə bağlı şikayətlərin çoxalması göstərir ki, bir çox istehlakçı ödədiyi məbləğ qarşılığında ya məhsulu vaxtında ala bilmir, ya da gözlədiyi kimi malı əldə etmir. Belə hallarda alıcı nə məhsulu dəyişdirə, nə də geri qaytara bilir. Bu isə elektron ticarət sahəsində həm hüquqi tənzimləmələrin, həm də istehlakçı maarifləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Mozalan.az -a açıqlamasında bildirib ki, hazırda onlayn ticarət klassik ticarətlə ciddi rəqabətdədir.

Onun sözlərinə görə, bu sahə bütün dünyada sürətlə inkişaf etdiyi kimi, Azərbaycanda da irəliləyir:

"Lakin onlayn ticarət genişləndikcə, bəzən istehlakçı hüquqları unudulur və aldatma halları artır. Ümumdünya İstehlakçı Təşkilatının məlumatına görə, onlayn ticarət vasitəsilə alınan dərmanların təxminən 70 faizi saxta olur. Buna görə də vətəndaşlara dərman preparatlarını onlayn şəkildə almamaq tövsiyə olunur.

Azad İstehlakçılar Birliyinə bu sahə ilə bağlı mütəmadi olaraq şikayətlər daxil olur. Şikayətlərin əsas istiqamətləri aşağıdakılardır:
a) Sifariş edilmiş məhsul ümumiyyətlə çatdırılmır, satıcı ilə əlaqə saxlamaq mümkün olmur.
b) Sifariş verilən məhsul reklamdakı ilə uyğun gəlmir və fərqli mal göndərilir.

Məsələn, bir vətəndaş divar saatı sifariş edib, amma ona sadəcə üzərində saat şəkli olan karton göndərilib.  Son zamanlar “Temu”dan gələn şikayətlər çoxalıb. Sanki beynəlxalq ticarət platformalarına yerli ticarət də qoşulub. Əksər hallarda söhbət elektron mallar – telefon, kompüter, məişət texnikası və digər avadanlıqların satışından gedir.

Təəssüf ki, istehlakçılar çox zaman “ərincəlik sindromu”na tutulur, yəni aldıqları məhsulu yoxlamadan qəbul edirlər. Bu səbəbdən vətəndaşlara, xüsusilə mürəkkəb texniki vasitələr alarkən, cihazın işləkliyini yerindəcə yoxlamaq, bütün düymələri sınaqdan keçirmək tövsiyə olunur".

E.Hüseynov bildirib ki, hazırkı qanunvericiliyə əsasən, istehlakçı aldığı və tələbatını ödəməyən malı 14 gün müddətində geri qaytarmaq və ya dəyişmək hüququna malikdir:

"Lakin bu qanun çox hallarda yerinə yetirilmir. İstehlakçılar belə hallarla qarşılaşdıqda, aidiyyəti dövlət qurumuna müraciət etməlidirlər. Şikayətlər (012) 599 76 00 nömrəsinə bildirilməlidir".

Hüquqşünas Ramil Süleymanov isə bildirib ki, onlayn platformalar üzərindən alqı-satqı edərkən vətəndaşlarımız mütləq şəkildə ilk növbədə məhsulun dəqiq adına və keyfiyyətinə diqqət yetirməlidirlər: "Ardınca həmin məhsulun hansı müddət ərzində çatdırılacağına baxmalı, həmçinin məhsulla bağlı digər spesifik məlumatların orada qeyd olunmasına əmin olmalıdırlar.

Bundan sonra ödəniş həyata keçirilərkən, vətəndaşlar mütləq şəkildə ödənişin şərtlərini diqqətlə oxumalıdırlar. Xüsusilə, ödənişin geri qaytarılması qaydaları və bunun hansı hallarda mümkün olduğu ilə tanış olmalıdırlar.

Əgər bütün bu qaydalara əməl etdikdən sonra vətəndaş düzgün olmayan məhsulla qarşılaşarsa və ya məhsul müəyyən olunmuş müddətdə çatdırılmazsa, onun tam ixtiyarı var ki, məhsulu geri qaytarma şərtlərinə əsasən geri qaytarsın.

Əgər məhsulun pulu ödənilib, lakin çatdırılmadığı müəyyən olunarsa, bu halda vətəndaş aidiyyəti üzrə polisə müraciət edib şikayət ərizəsi təqdim edə bilər. Qeyd edim ki, yalnız bundan sonra vətəndaş polisə dəvət olunacaq, onun izahatı və ərizəsi alındıqdan sonra bu istiqamətdə araşdırma tədbirlərinə başlanılacaq. Araşdırma zamanı müəyyən ediləcək ki, həmin satıcı bu cür davranışı başqa şəxslərə qarşı da nümayiş etdiribmi".

Həmidə İbrahimova

Bənzər xəbərlər

Gündəm

0.02062201499939