Apr 17

Boşanmadan sonra qızıl-zinət əşyaları kimdə qalmalıdır? - Vəkil

Nikah qüvvədən düşsə də, tərəflər arasında çəkişmə illərlə davam edir. Tərəflərin ən çox mübahisə etdiyi məsələlərdən biri də boşanmadan sonra əmlak bölgüsüdür. Ev, maşın, qızın apardığı cehiz üstündə dava gedir. Bundan əlavə, toyda gəlin üçün alınan qızıl-zinət əşyları da onun əlindən alınır. Bu iş isə çox vaxt ər anası tərəfindən həyata keçirilir. Hətta bəzən analar boşanma belə olmadan gəlin üçün alınan qızılları onun əlindən alırlar.

Mozalan.az qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini Gülnaz Əliyeva deyir:

"Toydan sonra gördüm ki, mebellərim zövqsüz düzülüb, onun yerlərini dəyişdirmək istədim. Qayınanam icazə vermədi, dedi ki, ev mənimdi, bu şəkildə də qalmalıdır. Cehiz mənim olsa da, onu istədiyim kimi düzə bilmədim. Ailədə söz-söhbət düşdü. Getdikcə məsələ dərinləşdi. Hər dəfə də buna səbəb qayınanam olurdu. "Gəlin mənim süpürgəmdir” məsəli elə-belə deyilməyib. Evdə sözüm keçmirdi, qayınanam nə deyirdisə o olurdu. Bir gün də qonaq gedirdim, baxdım ki, qızıllarım yerində yoxdur. Məlum oldu ki, qayınanam götürüb. Neynədimsə, geri ala bimədim”. 

Əslində nikah qüvvədən düşəndən sonra qızıl-zinət əşyaları kimdə qalmalıdır?

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ailə və mülki qanunverciliyə əsasən, toy mərasimi zamanı ər, yaxud arvada hədiyyə edilmiş qızıl-zinət əşyaları hədiyyə edilmiş şəxsin mülkiyyəti hesab edilir:

"Toy mərasimi zamanı görüntü məqsədi ilə təqdim edilərək sonradan geri istənilən zinət əşyaları isə fərdi qaydada məhkəmələrdə mübahisiləndərilə bilər. Mülki Məcəllənin 225.3.-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır".

Səməd Vəkilov deyir ki, qızılları oğlan evi tərəfindən əlindən alınan gəlinlər məhkəməyə müraciət edə bilər:

"Hətta mənəvi zərərlə bağlı iddia da qaldıra bilərlər. Doğrudan da toy gününün səhərisi "bu qızıllar sənin deyil, bunu göstərmək üçün vermişdim” deyəndə gəlin bundan mənəvi sarsıntı keçirə bilər”.
 

Bənzər xəbərlər

Gündəm

0.019388914108276