Elektromobillərin sayı ARTIR: Bəs yetərli sayda enerjidoldurma məntəqəsi VARMI?

Son illər elektroavtomobillərdən istifadə edənlərin sayı dünyada və Azərbaycanda sürətlə artıb.
Azərbaycanda, xüsusilə 2024-cü ildən etibarən ekoloji təmiz minik avtomobillərinin sayı rekord həddə çatıb. Bu barədə Media Təhlil Mərkəzinin məlumatında qeyd edilib. Statistikaya görə, son beş ildə ölkəyə gətirilən minik avtomobillərinin böyük qismini yanacaq mühərrikli minik avtomobilləri təşkil etsə də, 2024-cü ildə elektromobillərin payı rekord həddə, yəni 35.45 faizə çatıb.
Lakin elektromobillərə olan marağın artması ilə yanaşı, enerjidoldurma məntəqələrinin sayının hələ də məhdud olması, sürücülər arasında bəzi narahatlıqlara səbəb olur. Sözügedən avtomobillərin şarj problemi hələ də öz aktuallığını saxlayır. Azərbaycanda 195 məntəqədə 430 enerjidoldurma cihazı quraşdırılıb. Sürücülər bunun qaneedici rəqəm olmadığı fikrindədirlər.
Məntəqələrin qurulması üçün nə kimi stimullaşdırıcı tədbirlər görülə bilər?
Mozalan.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizim.Media-ya danışıb.
"Ölkəmizdə enerjidoldurma məntəqələrinin sayı kifayət qədər deyil. Xüsusilə bölgələrdə məntəqələrin sayı artırılmalıdır. Cihazların bir hissəsini sahibkarlar, özəl qurumlar digər hissəsini isə dövlət qurumları təşkil edir. Ümid edirəm ki, dövlət stimullaşdırıcı tədbirlər həyata keçirəcək. Bunlar regionlarda enerjidoldurma məntəqələri, cihazları quraşdıran sahibkarlara müəyyən subsidiyaların verilməsi, güzəştlərin tətbiqi ola bilər", - deyə o vurğulayıb.
Ekspert artan tələbat fonunda infrastrukturların buna uyğun şəkildə genişlənməsinin vacib olduğunu da qeyd edib.