"Piyada nişanı var, xətti isə yoxdur" - Ağdaşdan ŞİKAYƏT

Ağdaş Rayon, Xosrov kənd İ.Ələsgərov adına tam orta məktəbinin qarşısından keçən Bakı-Yevlax-Şamaxı magistral yolunda piyada keçidi nişanının olmaması sakinlərin narazılığına səbəb olub.
Mozalan.az xəbər verir ki, sakinlər ərazidə piyada keçidi yol nişanı olsa da, xətlərin olmadığını söyləyirlər.
Onların sözlərinə görə, yolu keçərək övladlarını məktəbə gətirmək istəyən valideynlər çətinlik çəkirlər:
"On beş, bəlkə də daha çox ailənin uşağı bu yolu keçərək məktəbə gəlir. Dəfələrlə aidiyyəti qurumlara piyada keçidi xətlərinin çəkilməsi üçün müraciət edilməsinə baxmayaraq, xətləmə işləri görülmür. Bu yolda avtomobillər çox sürətlə hərəkət edir. Neçə dəfə qəza olub, maşın piyadanı vurub. Bu yoldan böyüklərlə bərabər uşaqlar da keçir. Təhlükəli halın baş verməməsi üçün piyada keçidi xətti çəkilməlidir".
Məsələ ilə bağlı Mozalan.az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, ərazidə yaxın zamanda nişanlanma xətləri yenilənəcək:
"Silinən nişanlanma xətlərinin yenilənməsi plan üzrə mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlanma xətləri yaxın zamanda yenilənəcək. Hərəkət iştirakçıları ərazidə mövcud olan yol nişanlarının tələblərinə mütləq qaydada riayət etməlidirlər".
Aygün Mirakif