Dec 20

Hesablama Palatası Təhsil Tələbə Krediti Fondunun fəaliyyətində nöqsanlar aşkar edib

Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunda həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

Mozalan.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Məlumata görə, audit Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 1 iyun 2024-cü il tarixinə qədər olan dövrü əhatə edib və səmərəlilik (performans) auditi formasında keçirilib, kredit müraciətlərinin təmin olunmasının, eləcə də Fondun fəaliyyətinin təşkilinin nəticəliliyinin qiymətləndirilməsi məqsədi daşıyıb.

Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80 milyon manat, 2022-ci ildə isə kreditləşmə fəaliyyətinin davam etdirilməsi üçün əlavə 22 milyon manat vəsait ayrılıb, auditlə əhatə olunan dövrdə ümumilikdə 32.9 milyon manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilib.

Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3.6 milyon manat xərc edilib, bu xərclərin 1.8 milyon manatını əməyin ödənişi xərcləri təşkil edib. Yaranma tarixindən 31 may 2024-cü il tarixinədək Fonda 21 888 nəfər tərəfindən cəmi 45 688 kredit müraciəti edilib, ondan 16 799 nəfər üzrə ümumi məbləği 33.1 milyon manat təşkil edən 36 063 kredit rəsmiləşdirilib, bunlardan, hamısı sonuncu tədris ilində olmaqla, 130.1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilib. Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25 321, magistratura təhsil səviyyəsi üzrə 8 841, orta ixtisas təhsili səviyyəsi üzrə 1 622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilib, kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanıb.

Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilib, eləcə də kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmayıb.

Fondun nəzarət imkanlarının məhdud olması və ali təhsil müəssisələrinin kreditlərin verilməsi prosesində iştirak edən məsul şəxslərinin məsuliyyətinin hüquqi aktlarla tənzimlənməməsi nəticəsində 2 ali təhsil müəssisəsi üzrə 32 halda TTK-dən yararlanan tələbənin faktiki ümumi orta müvəffəqiyyət göstəricisi Fondun məlumat bazasında əks etdirilən göstəricidən aşağı olub, beləliklə də, 71 baldan aşağı göstəriciyə malik tələbəyə, "Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası"nın tələbi pozularaq standart TTK verilib. Bu isə, öz növbəsində, dövlət vəsaitinin hüquqi aktların tələblərinin pozulması ilə icrası ilə yanaşı, funksional təyinatı üzrə istifadəsinə də təsir göstərib.

Auditin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Tələbə Təhsil Kredit Fondu tərəfindən sorğu və onlayn təlimlərin keçirilməsi zamanı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması nəzərə alınıb, dövlət büdcəsinin icrası ilə bağlı hesabatda uyğunsuzluqlara dair Maliyyə Nazirliyinə məlumat göndərilməsi əks edilib.

Bənzər xəbərlər

Gündəm

0.02711009979248