Bakının əsas prospektlərindən birində avtobus zolağının təşkilində DƏYİŞİKLİK
Xətai rayonu, Xocalı prospektində və Afiyyədin Cəlilov küçəsində təşkil edilən avtobus zolağının saat 07:00-22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
Mozalan.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir:
"Belə ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.
Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq".