Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - 26.10.2024
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Mozalan.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 18, aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.
Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır və küləkli hava şəraiti müşahidə olunur, mülayim şimal-qərb küləyi əsir.
Bu barədə Mozalan.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, axşam və gecə yarımadanın bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var:
"Sabah səhər saatlarından yağış tədricən kəsiləcək. Narıncı xəbərdarlığa uyğun olaraq, oktyabrın 26-da axşama doğru şimal-qərb küləyinin arabir 20.8-28.4 m/s-dək güclənəcəyi gözlənilir. Oktyabrın 27-si səhər saatlarından şimal-qərb küləyi mülayimləşəcək".
G.Abbasova hazırda şimal-qərb rayonlarından başlayaraq Qəbələ, Şabran, Quba , Şəki, Xaçmaz, Qusar, Oğuz, Qax, Daşkəsən, Balakən, Zaqatalada arabir yağıntılı hava şəraitinin müşahidə olunduğunu, Şahdağda isə qar yağdığını qeyd edib:
"Bölgələrdə yağıntılı hava şəraitinin oktyabrın 27-si günün ikinci yarısınadək davam edəcəyi, xüsusən də, Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gözlənilən leysan xarakterli yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur".
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı Mozalan.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə şimal-qərb rayonlarından başlayaraq arabir yağış, Şahdağda isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm təşkil edir. Düşən yağıntının miqdarı Qəbələdə 6 mm, Şabran, Quba, Şəkidə 4 mm, Xaçmaz, Qusar, Oğuzda 2 mm, Qax, Daşkəsən, Balakən, Zaqatala, Şahdağda 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Şəkidə 15 m/s-dək güclənmişdir.
Sumqayıt, Quba, Qusar, Qrız, Xaltan, Altıağacda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 2-7 dərəcə isti, Aran rayonlarında 8-13 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.