"Avtobusda yer olsa da, məktəbli uşaqları götürmürlər" - ŞİKAYƏT
Abşeron rayonunun Məmmədli kənd sakinləri 217 nömrəli marşrut xəttinin işləmə prinsipindən narazıdırlar.
Sakinlər sosial şəbəkədə paylaşım edərək bildiriblər ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Abşeron rayonunun Məmmədli kəndi ilə əlaqələndirən bu avtobusun sürücüləri gec gəlmələrinə baxmayaraq, yer olmaması bəhanəsi ilə nəqliyyat vasitələrini dayanacaqda saxlamırlar:
"217 nömrəli avtobus sürücüləri gec gəlməkləri bir yana, səhərin ilk gedişindən başlayaraq, dayanacaqda dayanmır, sərnişin götürmürlər. Bəhanə edirlər ki, yer yoxdur, lakin avtobusda kifayət qədər yer olur. Körpə, məktəbli uşaqlarla çölün düzündə qalırıq. Nə edək? Heç kəs kefindən səhər saat 6:15-də dayanacaqda gözləmir ki, avtobus da saxlamasın. Hamı işə, məktəbə gedir. Bunun qocası, yaşlısı, hamiləsi var axı. Bununla bağlı dəfələrlə istər Bakı Nəqliyyat Agentliyinə, istərsə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib".
Məsələ ilə bağlı Mozalan.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi tıxac problemidir:
"Azlənd Plaza" MMC-nin müvəqqəti istismarında olan, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Abşeron rayonunun Məmmədli kəndi ilə əlaqələndirən 217 nömrəli avtobus marşrutu üzrə 12 avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir.
Vahid Dispetçer Mərkəzi tərəfindən real vaxt rejimində təqdim edilən informasiyalara, eləcə də ərazidə aparılan monitorinqlərə əsasən, avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi tıxac problemidir. Bunun qarşısının alınması üçün həll yolu müasir şəhər mobilliyi prinsiplərinin tətbiqidir. 217 nömrəli marşrut avtobusunun keçdiyi Zabrat qəsəbəsi Şəhər şosesində yaradılan xüsusi hərəkət zolağı nəticəsində avtobusların rahat və maneəsiz hərəkəti müşahidə edilir".
Aytac Qasımova