Rus maşınından Çin avtomobilinə niyə keçdik? - Ekspert səbəbləri açıqladı
"Rusiya istehsalı olan avtomobillərin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ehtiyat hissələri tapılmır. Orijinal Rusiya ehtiyat hissələri tapmaq çətindir".
Bunu "Qaynarinfo"ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov maşın bazarında Rusiya istehsalı olan avtomobillərə tələbatın az olması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu gün əsasən bazarda Çin istehsalı olan avtomobillər üstünlük təşkil edir:
"Vətəndaş fikirləşir ki, əgər Rusiya istehsalı olan avtomobil alsa, problem yarananda onun ehtiyat hissələrini tapa bilməyəcək. Ona görə də, bir az da xərc çəkib normal avtomobil alır. Bu, əsas səbəblərdən biridir. Avtomobillərin ehtiyat hissələrinin əksəriyyəti keyfiyyətsizdir, alınan hissələr heç bir il də davamlı olmur. İkinci səbəb Rusiya istehsalı olan avtomobillərin yanacaq fərqidir. Rusiya avtomobillərinə ancaq bölgələrdə maraq qalıb. Bu avtomobilləri ancaq büdcəsi kiçik olan şəxslər alır".
Aslan Əsədov əlavə edib ki, ehtiyat hissələri ilə bağlı yaranan problemlər insanları Rusiya istehsalı olan avtomobillərdən uzaqlaşdırır:
"Əvvəl alınan detal bir il işləyirdisə, bu gün onlar heç üç ay davam gətirmir. Maşın ehtiyat hissələri çox keyfiyyətsizdir. Azərbaycana əsasən Çin istehsalı olan keyfiyyətsiz hissələr gətirilir. Düzdür, Çinin də keyfiyyətli məhsulları var, amma onları bizə gətirən azdır".
Aslan Əsədov bu gün maşın bazarında ən ucuz avtomobillərin qiymətini açıqlayıb:
"Bazarda 4-5 minə Rusiya istehsalı olan avtomobil almaq olar".
Qeyd edək ki, avtomobil bazarlarında aylardır durğunluq yaşanır. Ən əsası bazarda Rusiya istehsalı olan avtomobillərə maraq da azalıb.