Aug 20

Psixoloji zərbə vuran tendensiya: "Xeyir-şərdə iştirak tələbi artdıqca tərs effekt verir"

"Başqalarına "yox" deyin, özünüzü düşünün, siz hamıdan önəmlisiniz".

Bu fikir son günlər sosial şəbəkələrdə motivatorların, psixoloqların devizinə çevrilib. Sözügedən mövzuda yayılan videolar çoxluğun diqqətini çəkir. Bəlkə də, həmin motivatorlar adamlara əvvəlcə özlərini, sonra başqalarını düşünməyi xatırlatmaq istəyirlər. Ancaq reallıq budur ki, artıq bir-birinə əl tutan, dəstək olan şəxslərin sayı azalıb, adamlar artıq başqalarına yardım etməkdən, onları dinləməkdən yayınırlar.

Bəs görəsən, insanlara eqoistliyi aşılamaq nə dərəcə doğrudur?

Klinik psixoloq Fuad Əsədov mövzu ilə bağlı Mozalan.az-a danışıb. O, məsələyə belə yanaşıb:

"Dünyadakı cəmiyyətlər bu mövzuda iki qrupa bölünürlər: individual və kollektivçi cəmiyyətlər. Xüsusilə Qərb individual cəmiyyətdir. Qərbdə fərdin özünü düşünməsinə, istəklərini ilk növbəyə qoymasına, "bu, mənim həyatımdır, özüm bilərəm" prinsipi ilə hərəkət etməsinə daha çox rast gəlinir. Amma Şərq cəmiyyətlərində (Azərbaycan daxil olmaqla) kollektivçilik var.

Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) bu məsələdə təsiri danılmazdır. Şərq cəmiyyəti olmağımızın da sözügedən məsələdə öz rolu var. Kollektivçi cəmiyyətlərdə danışdığımız situasiya həm yaxşı ola bilir, həm də pis. Məsələn, kollektivçilik qruplar daxilində birlikdə hərəkət etmək, fərdlərin bir-birini düşünməsi, kömək etməsi, istiqanlı yanaşması, başqalarının xoşbəxtliyi üçün çalışması ilə yaxşı bir dinamika yaradır. Əslində, bu, faydalı, yaxşı bir xüsusiyyət kimi görünür. Amma incə bir xətt var ki, onu keçdiyimiz zaman artıq fədakar oluruq. Beləliklə, insan öz həyatını başqalarına qurban verir. Belə olan halda başqalarının istəkləri reallaşır, bizim yox.

Bu tip şəxslərlə qarşılaşdıqda biz izah edirik ki, "ey insanlar, fədakar olmayın, özünüzü düşünün, çünki siz öz istəklərinizi də fikirləşməlisiniz. Əgər özünüz xoşbəxt olmasanız, başqalarına da kömək edə bilməyəcəksiniz".

Ekspert qeyd edib ki, fədakarlıq mənfi xüsusiyyət olduğu üçün insana psixoloji zərbə vurur:

"Amma bu o demək deyil ki, ancaq özünüzü düşünün, eqoist və narsist olun, başqalarından istifadə edin, yalnız öz istəkləriniz olsun, digərləri vecinizə olmasın və sair.

Bir psixoloq olaraq görsəm ki, insanlar narsistdirlər və onlar ancaq özlərini düşünərək nələrsə edirlər, deyirəm, olmaz, empatiya qurmaq və başqalarını anlamaq lazımdır. Görəndə ki, hansısa insan ancaq başqalarını düşünür, özünü qurban edir, bu zaman onlara deyirəm ki, özünüzü qurban verməyin, istəklərinizi də düşünün. Yəni sözügedən məsələni balansda saxlamaq lazımdır. Balansı qoruya bilməyən insan başqalarına da faydalı olmayacaq".

Dünyada əxlaqi məsələlərin deqradasiyaya uğraması, F.Əsədovun fikrincə, məsələnin aktuallaşmasına səbəb olan başqa amildir:

"Artıq insanların bir-birinə yaxşılıq etməsi arxa planda qalıb. Bunun səbəbləri cəmiyyətlərə görə dəyişir. Məsələn, Skandinaviya ölkələrində insanlar tarix boyunca həmişə soyuq iqlimdə yaşayıblar, onların ən çox ehtiyacı olan şey odun idi, buna görə də odunlarının oğurlanmaması üçün yaxşı mühafizə edirdilər. Bu xüsusiyyəti bu gün Skandinaviya xalqlarında yenə görürük. Onların sosial həyatları olmur və dostluq etmirlər. Çünki beyinlərində odunların oğurlanması qorxusu hələ də var. Buna görə də yalnız özlərini düşünürlər.

Şərqi Avropa ölkələrində də bu tendensiya var, daim müharibədən əziyyət çəkdikləri üçün özlərini düşünürlər, hətta küçədə kiminsə bıçaqlandığını görsələr, əksər hallarda müdaxilə etməzlər".

Ekspert əlavə edib ki, Azərbaycanda da son zamanlar insanlar daha çox özlərini düşünürlər, başqaları ilə empatiya qurmağı bacarmırlar:

"Bacarsalar belə, bunu etmirlər. Fikrimcə, bu, cəmiyyətimizin bir az konservativ olması ilə bağlıdır. Bizdə qohumları düşünmək, "başqaları nə deyər" fikri ilə hərəkət etmək o qədər ön plandadır ki, artıq insanlar bunun tam tərsini etməyə başlayırlar. Ümumiyyətlə, bizim cəmiyyətdəki başqalarını düşünmək tələbi də sağlam formada reallaşmır. Məsələn, insanların küçədə qışqıraraq danışmasını, zibil atmalarını, başqalarını narahat etmələrini tez-tez görə bilərik. Amma bunların heç biri qınanmır. O insanlar qınanırlar ki, hansısa səbəbdən qohumlarının xeyir-şər işlərində iştirak etmirlər. Bu tələb artdıqca tərs effekt verir".

Məhərrəm Əliyev

Bənzər xəbərlər

Gündəm

0.036628007888794