Jul 24

Penitensiar Xidmət yüksək vəzifəli şəxsin qohumu ilə nəyin “prinsipini” aparır?- Məhkumun bacısı nazirə müraciət etdi

Vətəndaş Məmmədova Zeynab Məmməd qızı Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova ünvanladığı şikayət ərizəsinin bir nüsxəsini də Azinforum.az saytına göndərib və mövzunun ictimailəşməsini istəyib. Həmin şikayəti olduğu kimi dərc edirik:

 

“Hörmətli Fikrət müəllim!

 

Məlumat üçün bildirirəm ki, qardaşım Qalib Məmməd oğlu Məmmədbəyliyə 9 (doqquz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasının 8 il 5 ayını çəkmiş və hal-hazırda 9 ay 26 günü qalmışdır.

 

Bakı Apellyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli qərarına əsasən qardaşım Qalibin cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Ali Məhkəmənin 10.04.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

 

Qardaşım Məmmədbəyli Qalib əvvəlcə cəzasını 6 saylı cəzaçəkmə müəssisəsində çəkmiş, 06.12.2018-ci il tarixdən hal-hazıradək cəzasını Penitensiar Xidmətin 14 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməkdə davam edir.

 

Qardaşım Qalib hər iki Cəzaçəkmə Müəssisəsində cəzasını çəkdiyi müddət ərzində müsbət, nümunəvi davranışı ilə digər məhkumlardan seçilmiş, daxili nizam-intizam qaydalarına ciddi riayət etmiş, xaraktercə səmimi olmuş, keçirilən ictimai və tərbiyəvi tədbirlərdə fəallıq göstərmiş, davranışlarında səmimi olmuşdur.

 

Qeyd olunan müsbət xüsusiyyətlərinə görə 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən onun barəsində 6 dəfə, 14 saylı MTCM-də isə 2 dəfə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir.

 

Bundan başqa bildirirəm ki, qardaşım Qalibin qan təzyiqinin gözlənilmədən yüksək artımla qalxıb-düşməsi səhhətində bir sıra ciddi problemlər yaratmış, ona – “Ürəyin işemik xəstəliyi; aterosklerotik-kardioskleroz; Hipertoniya xəstəliyi 2-ci mərhələ; Xroniki xolesistit; Sol böyrəyin kistası; sidikturşulu diatez; Boyun fəqərələrinin osteoxondrozu, sağ tərəfin çiyin-bazu pleksiti; Nevrasteniya” diaqnozları təyin edilmişdir. Qardaşım Qalib 2018-ci ildə ürəyindən ağır əməliyyat keçirmiş, onun ürəyinə stend qoyulmuşdur.

 

Lakin bütün bu qeyd olunanlara baxmayaraq 14 saylı Cəza Çəkmə Müəssisənin rəhbərliyi tərəfindən 2019-cu ilin may ayından başlayaraq qardaşım Qalibə qarşı qanunsuz hərəkətlərə yol verilməyə, digər məhbuslara münasibətdə ona qarşı ayrı-seçkiliyə yol verilmişdir. Belə ki, müəssisədə 100-dən məhbusun cəza çəkməsinə, müəssisədə qalmağa normal şəraitin olmamasına, məhbuslara yemək verilməməsinə baxmayaraq qardaşım Qalib müəssisənin rəhbərliyi tərəfindən orada saxlanılmış, saxlanıldığı müddət ərzində ona yemək verilməmiş, yatmağa, yuyunmağa şərait yardılmamışdır.

 

Qardaşım bir neçə gün onu orada saxladıqdan sonra qeyd olunanlara dözməyərək səhhəti pisləşmiş, təcili tibbi yardım maşını ilə “Ege” Hospitala köçürülmüş, bir müddət müalicə aldıqdan sonra, Kardiologiya İnstitutunda stasionar qaydada müalicəsinə davam etdirmişdir. Həkimlərin diaqnozuna görə qardaşım infarkt keçirmişdir.17 iyul 2019-cu il tarixdə 14 saylı MTCM-nin əməkdaşları qardaşım Qalibi Kardiologiya İnstitundan müəssisəyə gətirərək qanunsuz olaraq onu karsa salmış, bir daha ona qarşı ayrı-seçkiliyə yol verməklə onu heç bir şəraiti olmayan otaqda saxlamaqla ona işgəncə verirlər. Hal-hazırda müəssisədə heç bir məhkum saxlanılmaqla yanaşı orada məhkumların saxlanılması üçün heç bir şərait belə mövcud deyildir.

 

Hörmətli Fikrət müəllim!

 

14 saylı MTCM-nin əməkdaşları qardaşım Qalibə qarşı edilən bütün bu qanunsuz hərəkətləri Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun göstəriş ilə etdiyini bildirirlər. Bizə həmçinin bildirirlər ki, Qalibin başına gətirilən bu oyunların kökündə onun yüksək çinli məmurlarla qohum olması göstərilir. Dolayısı ilə bizdən tələb edilir ki, həmin vəzifəli şəxslər zəng vurub Qalibin xahişini etsinlər. Biz başa düşə bilmirik, qanunların qardaşım barədə yüngülləşdirici tədirlərin həyata keçirilməsinə yol verdiyi halda, niyə onun xahişini kimsə etməlidir? Artıq bu gün (24 iyul 2019-cu il-red)  saat 12:00-da Abşeron rayon Məhkəməsində qardaşımın işinə baxılacaqdır və işin gedişatından da belə görürük ki, onu yenidən Cəzaçəkmə Müəssisəsinə göndərəcəklər.

 

Yuxarıda qeyd olunanları nəzərə alaraq qardaşım Qalib Məmmədbəyliyə qarşı qanunsuz hərəkətlərə son qoyulmasına dair aidiyyəti üzrə müvafiq göstərişlər verməyinizi və məsələ ilə əlaqədar məni qəbul etməyinizi Sizdən xahiş edirəm”.

 

Azinforum.az  olaraq,  yazıda adları keçən qurumların da mövqeyini dinləməyə hazır olduğumuzu bəyan edirik.

Bənzər xəbərlər

Gündəm

0.027089834213257