Politoloq: "ABŞ-də siyasi mübarizə daha da qızğın xarakter alacaq"
"ABŞ-də prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi göstərir ki, seçki qızğın bir şəraitdə keçiriləcək".
Bunu "Report"a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Nəzərə almaq lazımdır ki, son prezident seçkisi yüksək rəqabət şəraitində keçdi. Lakin bu sui-qəsd cəhdi Trampın əleyhdarlarının nə cür məkrli addımlar atmağa qadir olduğunu nümayiş etdirir. ABŞ tarixində bundan əvvəl də siyasi rəqibləri sui-qəsdlə aradan götürmək faktları var. 1963-cü ildə Con Kennedinin qətli də buna misaldır. Amma müasir dövrdə bunun baş verməsi ağlasığmazdır", - İ.Hüseynov bildirib.
Politoloq qeyd edib ki, baş verən hadisə ABŞ-də hüquq-mühafizə orqanlarının da səhlənkarlığını deməyə əsas verir:
"Trampı öldürmək istəyən şəxs əvvəlcədən hazırlıqlı olub, onun mitinqdə çıxış başlayandan az sonra öz istəyini həyata keçirməyə çalışıb".
Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirənlər Demokratların nümayəndələridirsə, bu, açıq şəkildə onun siyasi mübarizədə üstünlüyünü artırır. Zənnimcə, bu hadisə Trampın mövqeyini gücləndirəcək. Siyasi mübarizə sui-qəsd cəhdi ilə daha da qızğın xarakter alacaq".
Xatırladaq ki, ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkisində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.