Bakının Mirəsədulla Mirqasımov küçəsində bina tikintisi üçün yaşıllıq ərazi məhv edilir
Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində yaşayış binasının tikintisi ilə əlaqədar yaşıllıq məhv edilir.
Mozalan.az xəbər verir ki, bununla əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyinin keçirdiyi dinləmədə məlumat verilib.
Dinləmədə müstəqil ekspertlər və media nümayəndələri iştirak ediblər.
Bildirilib ki, "İnvest M Construction" MMC-nin 2 il öncə aparılan söküntü işləri ilə bağlı təbiətə 1 milyon manata yaxın ziyan dəyib.
İctimai dinləmədə məlumat verilib ki, şirkət sözügedən ərazidə qalan yaşıllıqların da məhvini istəyir.
Dinləmədə iştirak edən media nümayəndələri şirkət rəhbərlərinə icazəsiz olaraq ağacların kəsilməsi ilə bağlı suallar ünvanlayıblar.
"İnvest M Construction" MMC-nin hüquqşünası Yavər Yavərzadə bildirib ki, sakinlər ağaclarını yox, ev tələb edirlər:
"Sakinlər bizə bildirirlər ki, onlara ağac maraqlı deyil, evimizi tikib verin".
Bu fikir müzakirə iştirakçıları arasında narazılığa səbəb olub. Bildirilib ki, ağaclarla bağlı qərarı həmin ərazidə evlə təmin olunacaq şəxslər və ya tikinti şirkəti yox, əlaqədar qurumlar müvafiq dəyərləndirmələrdən sonra verə bilər. Digər mübahisəli məqam tikinti şirkətinin öz layihəsini sosial layihə kimi təqdim etmək cəhdi olub.
Nəzrin Vahid