Jul 02

Sosial şəbəkələrdə gündəm olan kivi sirkəsi arıqlamağa kömək edirmi? - Həkimdən AÇIQLAMA

Son zamanlar arıqlamaq istəyənlər üçün kivi sirkəsi deyilən məhsul satılır. Xüsusən də "Instagram" və "WhatsApp" sosial şəbəkələri üzərindən satışını həyata keçirirlər. Bir litri 20 manata satılan bu məhsulun arıqlamağa kömək etdiyi bildirilir. Səhər-axşam, yeməkdən sonra 0,5 stəkan suya bir xörək qaşığı qatıb içilməyi tövsiyə edirlər.

Bəs görəsən, bu məhsul həqiqətən arıqlamağa kömək edirmi? Faydalı və ziyanlı tərəfləri nələrdir?

Mövzu ilə bağlı Mozalan.az-a açıqlama verən terapevt Abbas Bağırovun sözlərinə görə, bəzi sirkələr insanların müəyyən qədər arıqlamasına səbəb olsa da, daxilə qəbul etmək üçün bu cür məhsullar xüsusi şəraitdə hazırlanmalı, texniki-normativ standartlara uyğun olmalıdırlar:

"Ev şəraitində, yaxud kustar üsulla hazırlanmış daxilə qəbul olunan, mənşəyi bilinməyən bütün vasitələr və məhsullar riskli və təhlükəli ola bilər. Ona görə ki, onların mənşəyi, sanitar-gigiyenik, bakterioloji normalarının doğru olub-olmaması, kimlər tərəfindən hazırlandığı məlum deyil. Məhsulun satışa buraxılması üçün icazəsinin olub-olmaması da bilinmir. Qeyri-standart etiketləri olan bir məhsulun satışa buraxılması təhlükəli və riskli sayılır və buna icazə verilməməlidir. Sirkə kimi məhsulların qəbulu zamanı mədə-bağırsaq sisteminin selikli qişasının vəziyyəti nəzərə alınmalıdır. Bəzi hallarda bu tipli məhsullar mədə-bağırsaq sistemində müxtəlif zədələr yaradırlar".

A.Bağırov qeyd edib ki, bu cür maddələrin daxilə qəbulu məqsədəuyğun deyil:

"Dövlət tərəfindən standartlaşdırılması, sertifikatlaşdırılması təmin olunmayan hər bir məhsulun istifadə olunması risklidir. Arıqlama prosesinin yalnız sirkə qəbul etmək ilə təmin olunması elmi praktiki nöqteyi-nəzərdən məqbul hesab edilmir. Arıqlamaq üçün ilk növbədə patoloji kökəlmənin səbəbini bilmək lazımdır. Qida (alimentar) və endokrin, oturaq həyat tərzi, insulun dirənci, genetik faktorlar və sairə ilə bağlı problemlər nəzərə alındıqdan sonra müvafiq proqramlar tərtib olunmaqla çəki azalmasına uyğun rejim qurulmalı, kökəlmənin səbəbinin hansı faktor olduğu bilindikdən sonra ona qarşı adekvat tədbir görülməlidir. Sürətli arıqlama qan-damar sistemində tıxaclar yaradır və riskli ola bilər".

Dietoloq Leyla Zülfüqarlı isə əlavə edib ki, sadəcə bir vasitə ilə arıqlamağı düşünmək özü də çox yanlış fikirdir:

"Əgər artıq kilonuz varsa onun səbəbi var. Sirkələrin xeyirli tərəfləri də var. Lakin sirkə hər kəsə tövsiyə edilmir.

Orqanizmdən asılıdır. Bir insanın mədə-bağırsağının selikli qişasında problemlər varsa, sirkədən ehtiyatlı olun deyirik. Sirkə turş dada malik olsa da qələvi mühitdir. Bədənin oksidləşdiyi zaman qələviləşməsi üçün istifadə edə bilərik.

Alma sirkəsi ilə kivi eyni effekti verir. Burada biznes marağı ön plandadır. İnsanlar aldanmamalıdırlar".

Nəzrin Vahid

Bənzər xəbərlər

Gündəm

0.0278160572052