Jul 02

Doğuma görə "şirinlik" istəyən həkimlərin maaşları azdır?

TƏBİB rəhbəri Vüqar Qurbanov doğuma görə pul alan həkimlərə xəbərdarlıq edib. O bildirib ki, doğum evlərində göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır.

Bəs maraqlıdır, sözügedən neqativ tendensiyanın qarşısını almaq üçün hansı addım atılmalıdır? Həkimlər bir çox hallarda maaşlarının yetərli olmamasından gileylənirlər. Problem maaşdır, yoxsa başqa səbəblər var?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, istər ictimaiyyət, istərsə də səhiyyə sistemimizin inkişafını düşünən hər bir şəxs tərəfindən bu reaksiya müsbət qarşılanıb:

"Səhiyyə sistemimiz inkişaf edir. Ölkə rəhbərliyinin ana və uşaq sağlamlığı istiqamətində atdığı addımları, səhiyyəmizdə aparılan islahatları və icbari tibbi sığortanın tətbiqini buna nümunə deyə bilərik.

Həkimlərin, digər tibb işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirilib. Biz icbari tibbi sığortanın tətbiqindən sonra həm həkimlərin maaşlarının artırılması, həm də onların fəaliyyətinə görə həvəsləndirici əlavələrin verilməsini müşahidə etdik.

Aparılmış islahatlarla bərabər bu istiqamətdə maddi təminatın yaxşılaşdırılmasına şahid oluruq. Bir millət vəkili kimi bu istiqamətdə tibb işçilərinin razılıq məktublarını və onların təminatının yaxşılaşdırılmasının şahidi oluram.

Amma bununla yanaşı, bəzən neqativ hallara yol verən şəxslərin də açıqlamalarda etiraf edildiyini görürük. Həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də TƏBİB tərəfindən daxili nəzarət tədbirlərinin gücləndirilməsi üçün ictimaiyyət nümayəndələri ilə şəffaf əlaqə qurulub. Neqativ hallar məhz bu şəffaflıq nəticəsində aşkarlanır.

Aşkarlandıqda isə müvafiq olaraq bu şəxslərə qarşı istər inzibati, istərsə də digər tədbirlərin görülməsinin şahidi oluruq. Arzu edirik ki, bundan sonra da sözügedən istiqamətdə ciddi tədbirlər görüləcək".

O əlavə edib ki, həkimlərin maaşlarının onları qane edən səviyyədə olması üçün TƏBİB tabeliyində olan tibb müəssisələrində həm həvəsləndirici əlavələr, həm də bonuslar verilir:

"Öz fəaliyyətini düzgün quran, pasiyentlər tərəfindən etibar qazanmış tibb işçilərinin maaşlarının onlar üçün qənaətbəxş səviyyədə olması üçün bir faktor var, bu da vicdanla çalışmaqdır. Doğuş və doğuşayardım müəssisələrində çalışan həkimlər ən çox məvacib alan şəxslərdir".

Bəs doğum evlərində çalışan həkimlərin maaşları nə qədərdir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən sorğumuz belə cavablandırılıb:

"Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş qayda ilə müəyyən edilir. Qaydanın 5-ci bəndinə əsasən həkim-mama-ginekoloq və həkim-neonatoloq vəzifələri üzrə vəzifə (tarif) maaşı stajından asılı olaraq 497-607 (müvafiq olaraq 10-15-ci dərəcə aralığı) manat arası dəyişir.

Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr (800 AZN) və ya işin nəticələrinə görə (ixtisaslı həkim baxışına tətbiq edilən tarifin 8%-i həcmində, cərrahi prosedurlar üzrə isə tətbiq edilən tarifin 15%-i həcmində) aylıq həvəsləndirici əlavələr şəklində verilir".

Bənzər xəbərlər

Gündəm

0.039687871932983