Jun 29

Bölgələrdə KRİTİK VƏZİYYƏT: Evləri su basıb, heyvanlar tələf olub, insanlar təxliyə ediliblər

Hacıqabulda səkkizi uşaq olmaqla 81 sakin Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mozalan.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış səkkizi uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunublar.

Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb, Hacıqabulun iki kəndi ilə əsas nəqliyyat əlaqəsi kəsilib.

APA-nın məlumatına görə, son bir-neçə gündə yağan aramsız leysan yağışları dağ çaylarının daşmasına səbəb olub.

Dağlıq rayonlarda formalaşaraq daha çox yağış və dağ çaylarının suyu ilə qidalanan Pirsaat çayında bol sululuq səbəbindən Pirsaat su anbarında suyun səviyyəsi kritik həddə çatıb.

Su anbarının ümumi həcmi 17 milyon kubmetr olsa da, hazırda su anbarının dibinin lildən təmizlənməməsi səbəbindən anbarın su tutumu 2 milyon kubmetrə qədər azalıb.

Nəticədə böyük su axınını özündə saxlaya bilməyən su anbarından su axının həcmi və suyun maksimal sürəti rayonun Bakı-Qazax magistralının sol tərəfində yerləşən Rəncbər və Qubalı-Baloğlan kəndlərində su kanallarının məcrasından çıxmasına səbəb olub.

Kanalların vaxtında genişləndirilməməsi və dərinləşdirmə işlərinin aparılmaması da suyun məcradan çıxmasına səbəb olan hallardan biridir. Rəncbər kəndinin girişində yerləşən körpü dağıldığından hər iki kəndlə əsas nəqliyyat əlaqəsi olan yol bağlanıb.

Qubalı-Baloğlan kəndində 50-dən çox evi su basıb. Bəzi təsərrüfatlarda ev heyvanları və ev quşları tələf olub. Qubalı-Baloğlan kənd sakini Mirbəşir Əsgərova məxsus təsərrüfatda 8 min 1-3 aylıq cücə tələf olub. Hazırda rayon icra hakimiyyətinin texniki vasitələri və FHN-in texnika və canlı qüvvəsi təbii fəlakətin aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Qeyd edək ki, daha çox yağış və dağ çaylarının suyu ilə qidalanan Pirsaat su anbarı Hacıqabul rayonunun Pirsaat kəndi, Navahı qəsəbəsini, Rəncbər, Qubalı-Balaoğlan və Atbulaq kəndlərini suvarma suyu ilə qismən təmin edir. Pirsaat su anbarının ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir.

Bənzər xəbərlər

Gündəm

0.03388500213623