Jun 24

Bakıda məktəbin həyətində qızla görüşən oğlanlara hücum etdilər

Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Şahin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Yusifə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 27-də Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 234 saylı tam orta məktəbin həyətində baş verib.

Hadisəni törədən Şahinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avqustun 27-də, saat 21:30-da Buzovna qəsəbəsində yerləşən parka dincəlmək məqsədilə gedib: "Parkda gəzişərkən üzdən tanıdığım Tofiqə rast gəldim. Bir yerdə gəzişə-gəzişə həmin gün saat 22 radələrində parkın yaxınlığında olan orta məktəbin həyətinə gəldik. Burada 2 oğlan və 2 qızı gördük. Biz həmin 4 nəfərə yaxınlaşanda qızlar və sonradan adını bildiyim Yusif ayaq üstə durdular. Sonradan adını bildiyim Əfqan isə pilləkənlərin üstündə oturdu. Yusifdən soruşdum ki, sizi narahat etmirik? Yusif kobud tərzdə cavab verdi ki, nəsə lazımdır? Mən Yusifə yaxınlaşdım ki, mənimlə kobud danışmasının səbəbini soruşum. Bu vaxt Əfqan ayağa duraraq məni kənara çəkdi və mübahisə etməyə başladı. Həmin vaxt qızlar məktəbin həyətinin çıxışına tərəf getdilər".

Təqsirləndirilən şəxs qeyd edib ki, Əfqan onunla mübahisə edərkən 2 dəfə yumruqla sifətindən vurub və məktəbin həyətindən çıxışa tərəf qaçmağa başlayıb: "Mən Əfqanın dalınca qaçdım. Lakin ona çata bilmədim və Yusifin yanına qayıtdım. Bu zaman Yusif üstümə hücum etdi və biz dalaşdıq. Həmin vaxt Yusiflə davamıza Tofiq qarışmadı və kənarda dayanaraq bizə baxdı. Dava vaxtı Yusifi bir neçə dəfə yumruqla sifətindən vuraraq yerə yıxdım. Bu vaxt kənarda idman edən tanışım Səlim yanımıza gəldi və bizi aralamağa başladı. Səlim bizi araladıqdan sonra park tərəfdən yanımıza iki nəfər tanımadığım cavan şəxs gəldi. Biz oradan getdik. Sonradan isə mənə məlum oldu ki, Yusif barəmdə polisə şikayət edib".

İş üzrə zərərçəkmiş Yusifin sözlərinə görə, avqustun 27-də, saat 22:30-da dostu Əfqan, sinif yoldaşı Səmayə və Səmayənin rəfiqəsi Fidanla birlikdə Buzovna qəsəbəsində yerləşən orta məktəbin həyətində pilləkənin üstündə oturaraq söhbət ediblər: "Bu vaxt bizə 5 nəfər cavan oğlan yaxınlaşdı. Bizim qabağımızda dayanaraq diqqətlə baxmağa başladılar. Onlar içkili adamlara oxşayırdılar. Onlardan 2 nəfər, yəni adlarını bildiyim Şahin və Tofiq dəqiq bilirəm ki, Buzovna qəsəbəsində yaşayırlar. Qalan 3 nəfərin harada yaşamalarını bilmirəm. Birinin adı Səlimdir, digər 2 nəfərin isə adlarını bilmirəm. Lakin sifətdən həmin 2 nəfəri də görsəm, tanıyaram. Həmin şəxslərə müraciət edərək soruşdum ki, nə tazımdır? Onlardan Şahin mənə "problem axtarırsan?" deyərək üstümə gəldi. Mən ayaq üstə durmaq istədim. Bu vaxt Şahin sifətimə yumruq atdı. Lakin həmin yumruq sifətimə dəymədi. Mən ayağa duranda Əfqan yaxınlaşaraq bildirdi ki, onlara baş qoşma, içkilidirlər. Mən sakitləşəndə Əfqan ayağa duraraq həmin şəxslərin arxa tərəfinə keçdi ki, onların fikirlərini yayındırsın, qızları oradan aralaşdırsın. Bu vaxt həmin şəxslərdən adını bilmədiyim və saqqalı olan şəxs əlində bıçaq Əfqanın üstünə qaçaraq hücum etdi. Əfqan bıçağı görərək kənara qaçdı. Həmin vaxt qızlar oradan uzaqlaşmağa başladılar. Qalan 4 nəfər isə mənimlə dayanaraq Əfqana və həmin saqqallı şəxsə baxırdılar".

Zərərçəkmiş qeyd edib ki, bu zaman həmin saqqallı şəxs əlində bıçaq geri qayıdıb və ona hədə-qorxu gəlməyə başlayıb: "Mən bıçağı görərək yavaş-yavaş arxaya çəkilməyə başladım. Həmin saqqallı şəxs isə üstümə gəldi. Mənim fikrim həmin bıçaq əlində olan şəxsdə olub. Bu zaman sağ yan tərəfdən sifətimdən almacıq nahiyəmdən kimsə yumruqla zərbə endirdi. Gözlərim qaraldı və yerə yıxıldım. Həmin vaxt məni təpiklərlə vurmağa başladılar. Lakin konkret olaraq kimin vurduğunu bilmirəm. Çünki yumruq zərbəsindən sonra ətrafı görmədim. Bir azdan sonra özümə gələrək ayaq üstə durdum və məktəbin həyətindən çıxmağa başladım. Bu vaxt həmin 5 nəfər şəxs məni söyə-söyə bildirdilər ki, sənin dostun Əfqanı axtarırıq, o, səni ataraq qaçdı. Mən həmin şəxslərə əhəmiyyət verməyərək məktəbin həyətindən çıxdım. Bu vaxt həmin şəxslərdən Tofiq mənə yaxınlaşaraq köməklik etmək istədiyini bildirdi. Hətta maşına oturaraq evə aparmasını təklif etdi. Həmin avtomaşın qara rəngli "Lada Priora" markalı idi, lakin nömrəsini bilmirəm. Avtomaşını Tofiq idarə edirdi. Tofiqin köməyindən və təklifindən imtina edərək özüm evə getdim".

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Şahinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Bənzər xəbərlər

Gündəm

0.027318000793457