May 26

Ermənistan-Hindistan əməkdaşlığı niyə alınmır?

Bu yaxınlarda Hindistan hökuməti ilə İran arasında Çabahar limanının icarəyə verilməsi barədə sənəd imzalanıb. Hind okeanı və beynəlxalq sulara MDB ölkələrinin çıxışı üçün ən qısa tranzit marşrutlardan biri sayılan bu limana dünya dövlətlərinin də marağı böyükdür. İki ölkə arasında imzalanan müqavilə 10 illikdir və sonradan yenilənməsi nəzərdə tutulub. Limanın idarəçiliyi isə rəsmi Dehliyə aiddir. Bu müqavilə ilə Hindistan hökuməti Rusiya, Cənubi Qafqaz, Avropa və Orta Asiya ilə ticarət əlaqələrini genişləndirmək, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmağı planlaşdırır. Sənədə əsasən, Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən keçərək limana, oradan da Mumbaya çatdırılacaq. Eyni zamanda, əks istiqamətə də yüklərin daşınması planlaşdırılır.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ermənistanın xam xəyalı

Məsələnin maraqlı tərəfi isə Ermənistanla bağlıdır. Erməni siyasi elitası ümid edir ki, bu layihə vasitəsilə yüklərin Avropaya və MDB ölkələrinə daşınmasında xüsusi paya malik olacaq və Avrasiya İqtisadi İttifaqının üzvü kimi piroqdan özünə pay götürəcək. Elə bu səbəbdən Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan bir müddət əvvəl bəyan etmişdi ki, Dehli ilə İrəvan arasında İrandan keçən ticarət yolu cari ilin mayına qədər açılacaq. Təbii ki, söhbət Çabahar limanından gedirdi və tərəflər məsələni razılaşdırmışdılar. Paşinyan hökuməti bu xəbəri böyük iqtisadi uğur, çiçəklənməyə gedən yol kimi cəmiyyətə sırımağa macal da tapmışdı.

Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. İran və Hindistan arasında 13 may tarixində imzalanan müqavilənin mürəkkəbi qurumamış, rəsmi Vaşinqton hərəkətə keçib.

ABŞ Dövlət Departamenti xəbərdarlıq edib ki, İranın Çabahar şəhərindəki Şəhid Beheşti limanını idarə və təchiz etmək üçün tərəfdaşlıq sazişi bağlayan Hindistan şirkəti sanksiyalarla üzləşə bilər.

Bu isə artıq müqavilənin icrasını sual altında qoyur. Ehtimal etmək olar ki, ABŞ-nin sanksiyalarına məruz qalmaq riski Hindistan hökumətini çəkindirəcək. Əgər əksinə hərəkət etsə, sanksiya zəncirinin uzanacağını və ABŞ-Hindistan münasibətlərinə xələl gətirəcəyini söyləmək mümkündür. Ağ Ev limanın fəaliyyətini mümkünsüz etmək üçün bütün yollara əl ata bilər.

Paşinyanın suya düşən arzusu

Hadisələrin məlum istiqamətdə inkişafı isə ilk növbədə Ermənistana zərbədir. Birincisi, Hindistandan Çabahar limanı vasitəsilə hərbi yüklərin daşınma ehtimalı risk altına düşür. Son günlər rəsmi İrəvan və Dehli arasında müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşməsi barədə ard-arda rəsmi məlumatlar yayılsa da, sanksiyalardan sonra bu planların fiaskoya uğrayacağı gün kimi aydındır. Eyni zamanda, Avropaya və MDB ölkələrinə daşınan yüklərdən pay uman erməni dövlətinin bu arzusu da puça çıxır. Çünki hər fürsətdə adı dəyişdirilmiş "erməni qovşağı" layihəsini bir sıra meqalayihələrə "pərçimləmək" eşqi ilə alışıb-yanan erməni baş nazir sözügedən limandan Hindistan yüklərini MDB və Aİİ ölkələrinə daşımaqla külli miqdarda qazanc umurdu.

Ermənilər nəyinə güvənirlər?

Ermənistan variantı ən uğursuz və potensialı olmayan marşrutdur. Bunun bir sıra səbəbləri var. Birincisi, erməni dövlətində infrastruktur yenilənməli, yollar genişləndirilməli, dəmiryolu şəbəkəsi inşa edilməlidir. Eyni zamanda, Ermənistanla İran arasında birbaşa dəmiryolu əlaqəsi də yoxdur. Avtomobil yolları isə çətin dağ relyeflərindən keçir və ilin bir çox aylarında istifadəsi qeyri-mümkündür. Avtomobil yolu Lars keçid məntəqəsindən keçməklə, Avropa və MDB məkanına çıxsa da, Kremlin Paşinyan hökumətini cəzalandırmaq üçün müntəzəm olaraq onu bağladığının da şahidi oluruq. Bu ssenari isə nə Qərb, nə də MDB ölkələri üçün məqbul deyil. Yüklərin daşınmasını asanlaşdırmaq və müddəti azaltmaq üçün nəzərdə tutulan yol Ermənistanda dalana dirənə bilər.

Ortada daha sərfəli alternativ variant da var

Ehtimal etmək olar ki, Avropa İttifaqı gərginliyi azaltmağa çalışacaq və ABŞ-nin sanksiya istəklərini pozmadan nəqliyyat dəhlizini qoruyub saxlayacaq kompromis həll yollu axtaracaq. Onlar bu məqsədlə diplomatik səyləri gücləndirə bilərlər. Amma başqa alternativ də var və Qərb uzun müddətdir bu layihəyə daha çox maraq göstərir. Təbii ki, söhbət Azərbaycan vasitəsilə yüklərin daşınmasından gedir. "Hind okeanı və dolayı yolla Çindən Avropa və MDB məkanına daşınan yüklər üçün ən potensial və uğurlu marşrut xətti Azərbaycanın Zəngəzur dəhlizi layihəsidir" fikrini tam əminliklə söyləmək mümkündür.

Hadisələrin gedişatı göstərir ki, Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli qrupu yaxın vaxtlarda yenidən fəaliyyətə keçəcək və bu dəfə daha real nəticələrin əldə ediləcəyi artıq qaçılmaz görünür. Ermənistan siyasi elitasının son günlər Naxçıvanla dəmir yolu əlaqəsinin bərpası, regionda infrastrukturun blokdan çıxarılmasına hazır olmaları ilə bağlı bəyanatına bu prizmadan yanaşmaq lazımdır. Rəsmi İrəvan növbəti dəfə dərk edir ki, regionda heç bir beynəlxalq layihəni, xüsusən də logistika sahəsindəki ideyaları Azərbaycanın iştirakı və icazəsi olmadan həyata keçirmək mümkün deyil.

Bənzər xəbərlər

Gündəm

0.059186935424805