Rusiya Prezidenti Vladimir Putin hökumətin istefasını qəbul edib - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putin hökumətin istefasını qəbul edib.
O bununla bağlı sərəncam imzalayıb. Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Bildirilir ki, istefa vermiş Rusiya hökuməti yeni Nazirlər Kabineti formalaşana qədər fəaliyyətini davam etdirməlidir.
Qanuna görə, dövlət başçısının andiçmə mərasimindən sonra Nazirlər Kabineti səlahiyyətlərini tərk edir. Keçmiş baş nazir, onun müavinləri və nazirləri hazırda vəzifələri icra edən statusundadırlar.
14:11
Dörd ildən bir az artıq müddətdə baş nazir vəzifəsində çalışan Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Konstitusiyaya uyğun olaraq istefa verib. Mişustinin özü müvafiq əmr imzalayıb.
Bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.
Əvvəlki hökumətin üzvləri istefa verdikdən sonra yeni kabinet formalaşana qədər öz vəzifələrini icra edəcəklər. Baş nazirin təyinatı may bayramları zamanı gözlənilir, bundan sonra Nazirlər Kabinetinin üzvləri təsdiqlənəcəklər.
Baş nazirin namizədliyi Dövlət Dumasının mayın 10-da keçiriləcək plenar iclasında təsdiqlənəcək.
Yeni hökumətin mayın 13-dən 19-dək keçiriləcək plenar həftə ərzində təsdiqlənməsi planlaşdırılır. Bundan əvvəl Dumanın komitələrində namizədlərlə görüşlər keçiriləcək.
Bu il Nazirlər Kabineti ilk dəfə Konstitusiyada nəzərdə tutulan yeni qaydalara əsasən formalaşdırılacaq. Onun tərkibini Dövlət Duması və Federasiya Şurası təsdiq edəcək.
Mənbə: TASS