Elçibəy, İsa Qəmbər və Pənah Hüseynə İTTİHAM: “Məğlub olublar”
“Köhnə müxalifət nümayəndələrində siyasi mədəniyyət çox aşağı səviyyədədir. Gələcəyi görə bilmirlər, xalqa verə biləcəkləri heç nə yoxdur".
Bu barədə Modern.az-a müxalifət nümayəndələri arasında son zamanlar müşahidə olunan gərginliklərdən danışarkən politoloq Zərdüşt Əlizadə bildirib. O düşünür ki, 1988-1993-cü illər müxalifətin ən yüksək zirvəsi idi:
"Bu dövrdən indiyə qədər heç bir inkişafları olmayıb. Onsuz da o zamanlar da dövrə uyğunlaşa bilmirdilər. İndi isə tamamilə geridə qalmış addımlar atırlar. Azərbaycanın siyasi səhnəsində REAL-ın üzvlərindən, kişi və qadınlarından başqa işıqlı, savadlı, xalqa düzgün yol göstərən təşkilat görmürəm.Azərbaycan Xalq Hərəkatı adlanan təşkilatda da gərginliklər yaşanır. Onlar kimdirlər, heç adlarını da çəkmək istəmirəm. Bizim nə müsibətlərimiz, nə bəlalarımız var, onlara görə başımıza gəlib. Azərbaycan xalqına ziyan vurublar, böyük xəyanətlər ediblər”.
Z.Əlizadə bildirib ki, AXCP və REAL üzvləri arasındakı gərginliyi görəndə narahat olub.
“REAL üzvlərinə məsləhət gördüm ki, onlara bulaşmayın. AXCP, Müsavat, Xalq Hərəkatı - onlara baş qoşmaq lazım deyil. Onsuz da xalq arasında hörmətləri də yoxdur. AXCP üzvləri nüfuzlarını bir qədər yüksəltmək üçün REAL-çılarla münaqişə yaradırlar. Əslində onlar çox aşağı səviyyədə adamlardır.
Xalq Cəbhəsi dövründən kənd intriqası səviyyəsində didişmələr baş verir. Əbülfəz Elçibəy , İsa Qəmbər, Pənah Hüseyn - bunlar məğlub olublar. Kimdirlər ki, onlara baş qoşulsun”.
Zərdüşt Əlizadə REAL-ın sıralarında təmsil olunmaq ehtimalına da toxunub:
“Mənim artıq 74 yaşım var. O yaşım deyil ki, hansısa siyasi partiyaya qoşulum. REAL-ı dəstəkləyirəm, düzdür, amma partiyanın üzvü deyiləm. Mən cavan olanda fəal idim, siyasi dialoqlara qoşulurdum, amma indi o həvəsim yoxdur. Hər yaşın özünə uyğun davranışları olmalıdır”.