Almaniyaya qaçan rəis Bakıdan necə pasport aldı - Onu kim himayə edir? Sensasiya/ FOTO
Azərbaycan Almaniyaya köçərək orada siyasi sığınacaq alan sabiq cəzaçəkmə müəssisə rəisi ilə bağlı redaksiyamıza sensasion məlumat daxil olub.
BakiPost.az-ın əldə etdiyi məlumatlarda ona qarşı ölkə sərhədlərinin qanunsuz keçilməsi və casusluq ittihamları var.
Uzun müddət Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 və 14 saylı Cəzaçəkmə Müəssisələrinin rəisi işləyən Elçin Əkbərov ötən il Almaniyadan siyasi sığınacaq ala bilib. Məlumatda bildirilir ki, həmin vəzifədə işləyən zaman insan hüquq və azadlıqlarının pozan, məhbuslarla qəddar münasibəti ilə seçilən və ən rüşvətxor müəssisə rəhbərlərindən biri kimi tanınan bu şəxs elə həmin əməllərinə görə də Mədət Quliyevin əmri ilə işdən qovulub. Lakin az müddət sonra Almaniyada peyda olub. O siyasi sığınacaq üçün müraciət etdikdə əsas amil kimi Peintensiar Xidmətin rəisi Mədət Quliyev (İndiki DTX rəisi) tərəfindən təzyiqlərə məruz qaldığını, yəyatı üçün təhlükə yarandığını bildirib. Bunu 2 il əvvəl "Yeni Müsavat”a verdiyi müsahibəsində (Almanlara sığınan türmə rəisimiz) də qeyd edib: "Mən özüm cəzaçəkmə müəssisəsinin rəhbəri olmuşam. 14 saylıda və 9 saylıda. Şəxsi münasibətlər zəminində Mədət Quliyevlə problemimiz olmuşdu. Penitensiar Xidmətə rəhbər gələndən sonra dedi ki, istədiyim adamı işdən çıxaracam, istədiyimi saxlayacam. Ondan sonra şəxsi münasibətlər kəskinləşdi, mən də ölkəni tərk etdim”.
Məsələ burdadır ki, Almaniyadan siyasi sığınacaq alan bu şəxs Bakıda uzun illər yüksək vəzifə sahibi olub. Bu baxımdan, ona qarşı hansısa siyasi təzyiqin və ya həyatına təhlükənin mövcudluğu ehtimalı çox aşağıdır. Onun Almaniya dövlətini buna necə inandırması və oradan necə siyasi sığınacaq alması alman hökumətinin məsələsidir.
Bu məsələdə maraqlı məqam odur ki, Almaniyada siyasi sığınacaq alan bu şəxs Azərbaycanda nəinki təqib edilmir, hətta hazırda Bakıda bizneslə məşğuldur.
Redaksiyamıza daxil olan dəqiq məlumatlara görə, Elçin Əkbərov Almaniyada qaçqın statusu aldıqdan sonra da bir neçə dəfə Azərbaycanda olub. Belə ki, Dövlət Miqrasiya Xidmətindəki qaynaqlarımızdan əldə etdiyimiz məlumata görə o, 2015-ci ilin oktyabr ayında Azərbaycan pasportu ilə Azərbaycana gəlib. 01.11.2015-ci ildə Azərbaycan Respublikasını tərk etməklə Türkiyəyə, oradan isə Almaniyaya gedib.
Araşdırma zamanı məlum olur ki, E.Əkbərov dekabr ayında da Azərbaycanda olub. O hətta Bakıda özünə yeni pasport da alıb.Almaniyada siyasi sığınacaq alan keçmiş rəisə P1691**** saylı pasportu 13 dekabr 2016-cı ildə ASAN- 2 də veriblər.
Yeni pasportuna vurulmuş foto
Siyasi sığınacaq alan şəxslərin isə qaçdıqları ölkəyə səfər etməsi qadağandır. Əks halda, siyasi sığınacaq verən dövlət həmin şəxsi dərhal ölkədən deport edərək gəldiyi yerə qaytarır. E.Əkbərovla bağlı məsələdə isə Alman hökuməti bu məqamın üstündən sükutla keçir.
Daxil olan məlumatın sensasiyalı tərəfi məhz bu məqamla bağlıdır. İddia olunur ki, uzun illər Bakıda həbsxana rəisi kimi yüksək vəzifədə işləyən və Penitensiar Xidməti, Azərbaycandakı cəzaçəkmə müəssisələrinin vəziyyətini, strukturlarını, planlarını bilən bu şəxsin əlindəki bilgilərdən Alman kəşfiyyatı istifadə edir. Məhz bu səbəbdən də onun Azərbaycan pasportu ilə Bakıya gəlib-getməsinə göz yumurlar.
Bu barədə iddiaların dəqiqliyini yoxlamaq isə heç şübhəsiz həm DTX, həm də Xarici Kəşfiyyat Xidmətinin üzərinə düşür. Ümid edirik, Azərbaycanda uzun illər vəzifədə olmuş və ölkə ilə bağlı kifayət qədər gizli məlumatlara sahib olma ehtimalı olan və Almaniya dövlətindən siyasi sığınacaq alan bu şəxs Azərbaycan kəşfiyyat qurumlarının da nəzarətindədir.
Qeyd edək ki, əslən Şərur rayonunun Yuxarı Daşarx kəndindən olan Elçinin anası Nigar xanım fəal YAP-çılardan sayılır. Mühacirin anası uzun müddət Şərur rayonun Təhsil Şöbəsinə rəhbərlik edib. Onun Mahir Əkbərov adlı qardaşı isə Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi olub. Yeri gəlmişkən, Mahir Əkbərovla bağlı hazırda məhkəmə prosesi gedir. O dələduzluqda ittiham olunur, arvadı Leyla Əkbərova bir ildən çoxdur ki, külli miqdarda dələduzluqda suçlu bilinərək həbs olunub.
Mahir Əkbərov
Mətbuatda degən məlumatlara görə, Elçin Əkbərov 90-cı illərdə həmin dövrün məşhur "Laləndə” restoranında münaqişə zəmnində öz tabel silahı ilə iki nəfəri güləlləyərək ağır yaralayıb. Buna baxmayaraq, sabiq rəis məsuliyyətə cəlb edilməyib.