Almaniyada bütün növ cinayətlərin sayı kəskin artaraq altı milyona çatıb
Almaniyada qeydə alınan cinayətlərin sayı 2023-cü ildə 5,5% artaraq altı milyona çatıb.
Bu barədə “Welt am Sonntag” qəzeti yazıb.
Nəşr qeyd edib ki, ümumilikdə polisə cinayətlərlə bağlı 5,94 milyon məlumat daxil olub. Sonuncu dəfə bu rəqəm 2016-cı ildə müşahidə olunub. Qeydə alınmış bütün cinayətlərin 58,4 faizinin açıldığı vurğulanır.
Zorakı cinayətlərin sayı isə son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Belə ki, bir ildə 214 099 belə cinayət faktı qeydə alınıb. Təhlükəli və ağır bədən xəsarətlərinin sayı 6,8% artaraq 154 541-ə çatıb.
Şimali Reyn-Vestfaliya federal əyalətinin daxili işlər naziri Herbert Reul cəmiyyətdə əhval-ruhiyyənin dəyişdiyini müşahidə edib: “Münaqişələri sözlə deyil, yumruqla həll etmək ehtimalı daha çoxdur”.
Qeyd edək ki, Almaniyada 2022-ci ildə, bir neçə illik azalmadan sonra, ölkə üzrə cinayət yenidən 11,5% (təxminən 5,63 milyon) artıb. Lakin o zaman bu qismən koronavirusla əlaqədar tətbiq edilən tədbirlərin ləğvi ilə bağlı olub.
Eyni zamanda, ötən il 2022-ci ilə nisbətən daha çox oğurluq hadisəsi baş verib. İl ərzində bu rəqəm 18,1% artaraq 77 819-a çatıb. Berlin bu göstəriciyə görə 8 323 hadisə ilə liderdir. Şübhəlilərin sayı 2022-ci illə müqayisədə 7,3% artaraq 2,25 milyona çatıb.