Böyük siyasətin böyük əfvi: dövlət bağışlamağı bacarır
Prezident İlham Əliyev dünən "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncam ümumilikdə 431 nəfərə şamil olunur.
Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Beləliklə, yüzlərlə ailədə Novruz sevinci birə-beş olacaq, üzlər güləcək, insanlar sevinəcək. Yüzlərlə vətəndaşımız bayram ərəfəsində onları normal həyatdan ayırmış tikanlı məftillərin o biri üzündən bu üzə keçəcək, ailələrinə, dəyərlilərinə, ən başlıcası isə azadlığa qovuşacaqlar.
"Dövlət və dövlətin başçısı humanist yox, qanunlara riayət edən olmalıdır" deyənlərin primitiv məntiqindəki çarpaz uyğunsuzluqlar bu gün görünür. Dövlət antihumanist, qəddar olmur - dövlətin siyasəti əksər hallarda demokratiya, qanunlar, insan haqları və s. kimi gəlişigözəl kəlmələrin ibarə pərdəsinin altında gizlədilərək insanlara divan tutur.
Azərbaycanda isə qanun hamı üçün bir olduğu üçün, bir qanun da hamı üçündür və bu, humanizmi özündə ehtiva edən əməllərin toplusu kimi səciyyələndirilə də bilər.
Dövlət siyasətimiz emosiyalardan kənardır - belə də olmalıdır.
Lakin yolunu azan, səhv edən, hətta onun özünə qarşı çıxan övladını dövlət bağışlaya bilir. Çünki onun sevgisi təki, humanizmi də hüdud bilməz.
Eynən valideyn cəzalandırdığı övladının əzab çəkməsinə yox, etdiyi suçun mahiyyətini və ağırlığını anlamasına çalışır.
Anlam olanda cəza da yüngülləşir.
"Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamla keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, AXCP sədri Əli Kərimlinin qaynı Eynur Seyidov, Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov, jurnalist Fikrət Fəraməzoğlu, "Nida" Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, gənc fəallar Qiyas İbrahimov, Bayram Məmmədov, Rəşad Raamazanov, Murad Ədilov (Fransada yaşayan Natiq Adilovun qardaşı) və başqa bir sıra siyasi məhbus kimi qələmə verilən şəxslərin adları var.
Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Bu rəqəmlər yalnız əfv qərarının miqyasını yox, həm də onun siyasi önəmini göstərir. Ümumilikdə adları hüquq müdafiəçilərinin siyahılarına düşmüş 50-dən çox şəxs əfv edilib ki, bu da öz növbəsində ölkənin ictimai-siyasi həyatına təsirsiz ötüşməyəcək.
Faktlara baxaq: dünən imzalanmış sərəncam 2003-cü ildən bəri dövlət başçımızın imzaladığı sayca 33-cü əfv sənədidir. Ümumilikdə 16 il ərzində imzalanan fərman və sərəncamlarla 4500-dən çox şəxs azadlığa buraxılmaqla, 5 minə yaxın məhkum əfv edilib.
Təsadüfi deyil ki, əfv sənədləri adətən bayramlar ərəfəsində imzalanır. Bununla dövlət başçısı yüzlərlə insana dünyada ən qiymətli neməti - Azadlığı hədiyyə edir. Yada salaq ki, ötən il də mayın 24-də, Cümhuriyyətin 100 illiyi münasibətilə 634 şəxs əfv olunmuşdu.
Adları "siyasi məhbus" qismində hüquq müdafiəçilərinin siyahılarına, beynəlxalq təşkilatların hesabatlarına düşmüş 50-dən artıq insan... Kifayət qədər böyük rəqəmdir, indiyə qədər heç vaxt belə nisbət olmamışdı. Buradan da görünür ki, əfv fərmanı ölkənin siyasi-ictimai həyatında da yetərincə ciddi hadisə sayıla bilər.
Belə də olmalıdır, çünki İlham Əliyevin humanizm və insanpərvərlik siyasətinin özülündə Milli Lider Heydər Əliyevin atdığı addımlar, yürütdüyü siyasət və strategiya durur.
H.Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra, 1995-ci ildə əfv və amnistiya praktikasını bərpa etdi. Bundan sonra onun hakimiyyətdə olduğu dövrdə ümumilikdə 65 fərman və sərəncamla 8 minə yaxın şəxs əfv olunub. Həmin humanizm siyasəti bu gün də davam etdirilir.
Amnistiya aktlarını da unutmayaq. 1995-ci ildən başlayaraq, bu günə qədər qəbul edilmiş 11 amnistiya aktı ümumilikdə 117000-ə yaxın şəxsi əhatə edib ki, onlardan da 30000-i azadlığa buraxılıb. Qalanların cəzaları müxtəlif formalarda yüngülləşdirilib.
Bu amnistiya aktlarından sonuncu 4-ü - yəni 2007, 2009, 2013 və 2016-cı illərdə baş tutan amnistiyalar Heydər Əliyev Fondunun Prezidenti, xanım Mehriban Əliyevanın təşəbbüsləri olub. 2016-cı ilin amnistiyası 10000-dən çox məhkumu əhatə etmiş, 3000-ə yaxın şəxs penitensiar müəssisələrdən buraxılmışdı.
Beləcə, aşkar görünür və təsdiqlənir ki, humanizm anlayışı Azərbaycan hakimiyyəti üçün ən önəmli, üst və prioritet dəyərlərdən biridir. Həbsdə olanların cəzalarının yüngülləşdirilməsi, onlara alternativ cəza növlərinin aranaraq nəzərdən keçirilməsi, sonra da yüngülləşdirilmiş variantların tətbiqi sahəsində fəaliyyətin aktivləşməsi dövlətin məqsədinin vətəndaşını cəzalandırmaq yox, yolunu azanları, qanunu pozanları islah etmək, qanunsuzluqdan çəkirdirməkdir.
Həbsxana islah məkanı sayılsa da, belə deyil: orada kimsə islah olmayıb və olan da deyil. Çünki məhkumlar həbsxanada olarkən cəmiyyətdən kənar düşür, təcrid olunur, sivil həyatın norma və imperativlərindən uzaq olurlar.
Dövlət vətəndaşının belə yaşamamasına çalışır.
Özünü "müxalifət lideri" sayan marionetlərsə yenə klounadadan əl çəkmirlər və əslində, əl çəkmək də istəmirlər.
Məsələn, ABŞ-da lövbər salmış Sevinc Osmanqızı dünən YouTube kanalında AXCP sədri Əli Kərimli ilə canlı yayıma çıxdı. Onlar əfv sərəncamını müzakirə etməyə hazırlaşmışdılar.
"Əli bəy, səs yoxdur! Səsiniz gəlmir! Möhtəşəm trol hücumuna məruz qalmışıq", - pərişanlıqla bu sözləri deyən Sevinc Osmanqızı təxminən 5 dəqiqəlik cəhdlərdən sonra canlı yayımı dayandırdı.
Cəbhəçi trolların və Əli Kərimli "fanatlar"ın axışıb ağıllarına gəlməyib ağızlarına gələnləri yazmasını "möhtəşəm trol hücumu" kimi dəyərləndirən S.Osmanqızının sözləri AXCP "aşiq"lərini çox sinirləndirib.
Əli Kərimlini yaş uyuyub quru sərən "mürid"ləri onu da vurğulayıblar ki, intellektual baxımdan hədsiz aşağı səviyyədə olduğunu vurğuladıqları Məhəmmədəli Mirzəli belə sən demə, Sevinc Osmanqızıdan "daha normal birisi" imiş.
Belə "normal"lar arasında "Meydan TV"nin rəhbəri Emin Milli də var.
O, əfv sərəncamı ilə bağlı Facebook səhifəsində yazıb: "İlham Əliyevi hər zaman tənqid edən bir vətəndaş kimi, bu gün ona xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bizim mübarizəmizin, ictimai fikrin böyük rolu var, amma Əliyevin son addımları və bu addımı da onun özünün cəsarətli qərarlarıdır. Demokratik ölkələrdə hər zaman ictimaiyyətin fikri nəzərə alınır və heç bir prezident buna diqqət ayırdığı üçün zəif, gücsüz hesab edilmir.
Çox istəyərdim ki, Azərbaycana qayıdım və İlham Əliyevdən belə real islahatlar haqqında Meydan TV-də canlı intervyu alım. Mən siyasətçi deyiləm və mənim üçün kimin hakimiyyətdə olması yox, ölkənin necə idarə olunması daha vacibdir. Hər zaman düzü tərifləyib, səhvi göstərən biri kimi bu gün İlham Əliyevi ictimai fikrə önəm verərək, belə bir addım atdığı üçün təbrik edirəm. İnanıram ki, bir gün o Meydan TV-də müsahibə verəcək və tariximizdə yeni bir mərhələnin gəldiyini bəyan edəcək.
Düşünə bilərsiz ki, mən xəyalpərəstəm. Ola bilər. Amma mən səmimi inanıram ki, hər kəs dəyişə bilər və ətrafını da müsbət istiqamətdə dəyişdirər. Davamı gəlsin".
Emin Millinin bu sözləri radikal müxalifətin liderləri ilə yanaşı, sıravi yükdaşıyanlarının da qəzəbinə səbəb olub. "Meydan TV"-nin satıldığını vurğulayanlar Emin Millini "Çaydan TV" rəhbəri olmaqda, Qərbdəki hamilərinin ona verdikləri pulu azaldandan sonra vurnuxmağa başlamasında suçlayıblar.
"Meydan TV"-nin mövqeyinin satqınlıq olduğu əslində, yeni məqam deyil.
Maraqlı olan budur ki, Emin Millinin az da olsa, obyektiv yanaşması şüurları zombiləşən namünasib təfəkkürlü fərdləri pərişan edib.
E.Milli sırf konyuktura adamıdır və onun sözlərində də səmimiyyət dərəcəsi həddən ziyadə aşağıdır. Amma belə mikroskopik məntiq belə, Azərbaycana qənim kəsilənləri qıcıqlandırır.
Necə ki, Nardarandakı olaylara görə həbs olunmuşların əfv edilməsini də ölkəni Şəriət qanunları ilə idarə etməyə çalışanlar öz məğlubiyyəti sayırlar.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsindən Nardaran hadisələrinə görə həbs olunan iki məhkum azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12,3 il müddətinə azadlıqdan məhrum edilmiş 1955-ci il təvəllüdlü Hüseynov Əli Ümmət oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ramil Zabil oğluna arayışlar təqdim olunub və onlar azadlğa çıxıblar.
Qeyd edək ki, onların hər ikisi 2015-ci ildə həbs olunmuşdu.
Və indi hər ikisi azadlıqdadır.
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının ölkədə nə qədər böyük sevinc, vətəndaşlarda müsbət əhval yaratdığını görmək və anlamaq üçün sosial şəbəkələrə ötəri nəzər salmaq yetər.
İlham Əliyev bir neçə sərəncam və fərmanı ilə cəmiyyətdə çox vacib, dəyərli və dayanıqlı rahatlıq yaradıb, əminlik formalaşdırıb və sosiumda vətəndaş barışını gücləndirib. Eyni zamanda dövlət başçısı hakimiyyətə qarşı yönəlmiş iddia, tənqid, ittiham və s.-nin əhəmiyyətli hissəsini sıfırlayıb, dezavuasiya edib.
Çünki o, konkret, əməl və möhtəşəm siyasi addımlar atır.
Prezidentin bu ayın yanvar ayından başlatdığı siyasət əfv fərmanı ilə davam etdi. İlham Əliyev ictimai rəylə hesablaşır və insanların rifahının yüksəldilməsi və problemlərinin həlli üçün ciddi addımlar atır. Bunun nəticəsidir ki, prezident hakimiyyətdə olduğu 15 ildə ilk dəfə rayonlara son səfəri zamanı şikayət məktublarını şəxsən vətəndaşlardan topladı və həmin məktubları şəxsən oxuyacağını vəd etdi. Bundan sonra dövlət başçısının qərarıyla Prezident Administrasiyasının məsul işçilərinə rayonlarda qəbul günləri keçirilməsi tapşırıldı. Halbuki buna qədər rayonlarda ancaq nazirlər qəbul günləri keçirirdilər. Bununla dövlət başçısı komandasındakı şəxslərin məsuliyyətini artırır. Rayon icra hakimlərinin vətəndaşların şikayətlərinə barmaqarası baxmaları çətinləşir.
Dövlət başçısı göstərir ki, hakimiyyətə və dövlətə qarşı yönəlmiş, Azərbaycana ünvanlanmış təhdidlərlə tənqidlərin, əsassız bəhanələrin qarşısını almaq onun üçün çox asandır. Belə tənqidlərdən dövlət heç nə itirməz. Dövlət üç-beş primitiv "müstəqil siyasətçi və bloqer"lərin, onları dəstəkləyən, maliyyələşdirən və "Fas!" əmri verən təşkilatlarin hücumlarından əsla sarsılan, həfifləyən də deyil.
Dövlət təki, Prezident də belə kölgə məxluqlarından hədsiz yüksəkdə, fövqdədir.
İlham Əliyevin ölkədəki ictimai və siyasi reytinqi indi çox yüksəkdir. Xalq onu sevir, dəstəkləyir və yanındadır. Bunu dövlət başçısının hər səfərində ona yaxınlaşan, bağrına basan insanlar nümayiş etdirirlər. O insanların bütün problemlərin həllini məhz Prezidentdən gözləməsi sonsuz sevgi ilə yanaşı, inamın da göstəricisidir.
Vətəndaşın bağrına basdığı dövlət də indi vətəndaşlığı qucaqlayır, əfv edir, bu minvalla böyüklüyünü, qüdrətini, əzmini və gücünü göstərir.
Prezident İlham Əliyev qüdrətli, güclü lider olduğunu bir daha göstərdi.
"Biz deyəndən sonra elədilər", "mitinqdən sonra təşvişə düşdülər" deyən binəvaların bu absurd iddiaları nə qədər zavallı səslənir - o fərdlər hələ də fərqində deyillər.
Anlaya bilmirlər və anlamaq istəmirlər ki, Azərbaycanda aparılan işlərin memarı ölkəni daha da inkişaf etdirən İlham Əliyevdir.
Böyük siyasət yürüdüb cılızları pərişan edən dövlət başçısı...
Elçin Alıoğlu