Mar 13

Problemin həllindən sonrakı bank bazarı: KİM QAZANACAQ? - TƏHLİL

Problemli kreditlərin normadan xeyli artıq olması borclularla yanaşı, bankları da ciddi maliyyə çatışmazlığı ilə üz-üzə qoymuşdu. 

Ölkə başçısının müvafiq sərəncamı ilə problemli kreditlər böyük ölçüdə öz həllini tapdı. Sərəncamdan irəli gələn müddəalara görə zamanında kreditini yüksək məzənnə ilə ödəyən şəxslər də kompensasiya alacaqlar. Problemin köklü həlli üçün lazım olan maliyyənin dövlət tərəfindən ödənilməsi isə bankların da maliyyə vəziyyətinə müsbət təsir göstərəcək. Dövlət tərəfindən banklara nağd vəsait daxil olacaq. 

Bəs bu, bankların maliyyə problemlərini həll edə biləcəkmi? Banklar yenidən kredit siyasətini bərpa etməyə nail olacaqmı? Təbii ki, bu, bankların problemli kreditlərlə bağlı imzalanan sərəncamın icrası bitdikdən sonrakı yürüdəcəkləri maliyyə-kredit siyasətindən asılı olacaq. Ekspertlər hesab edir ki, banklar sözügedən sərəncamdan sonra bir qədər fərqli maliyyə-kredit siyasəti aparacaq. Yəni, banklar fiziki şəxslərə istehlak krediti verməkdə maraqlı olmayacaq. Banklar hüquqi şəxsləri əməkdaşlığa cəlb etməyə çalışacaqlar ki, bu da növbəti dövrlərdə biznes kreditlərinin ümumi kredit portfelində payının artmasına səbəb olacaq. 

İqtisadçı-ekspert, özəl banklardan birinin risk menecmenti departamentinin direktoru Elman Sadıqov “Cümhuriyət” qəzetinə müsahibəsində bu məqama xüsusi diqqət çəkib. E.Sadıqov müsahibəsində bildirib ki, banklarda prioritet istiqamət biznes olacaq və vətəndaşların yenidən borc yükü altına salınması nə bankların, nə də dövlətin marağında deyil. Banklar özləri daha yaxşı bilirlər ki, həmin vəsaitləri ölkəyə iqtisadi dəyər qazandıran layihələrə istiqamətləndirmək daha məqsədəuyğun olar. Vətəndaşlara, xüsusilə iş adamlarına tövsiyəm budur ki, mövcud fürsətdən istifadə edərək əsaslandırılmış və rentabelli layihələrini, biznes planlarını banklara təqdim edərək öz işlərini yeni şəraitə uyğun bir şəkildə daha sağlam qursunlar.

Maraqlıdır ki, bu amil biznesin inkişafı üçün əsas vacib məsələ kimi qeyd olunsa da, hazırda ölkədə bazar münasibətləri fərqli istiqamətə yön alıb. Rəqabətli mühitin olmaması, biznes sahəsində monopoliya hökm sürdüyü üçün bu sahəyə ayrılan kreditlər çox vaxt ya problemə düşür, ya da sahibkar üçün əlavə yükə çevrilir. Təsadüfi deyil ki, biznes sahəsində monopoliyanın olması dəfələrlə parlamentdə gündəmə gəlib. Məsələn, parlamentin 19 fevral tarixində keçirilən plenar iclasında deputat Fazil Mustafa bu məsələni gündəmə gətirdi və rəqabət məcəlləsinin qəbul olunmasının vacibliyini vurğuladı.

“Ötən gün bazarların birində satıcılarla görüşdüm. Satıcılarla söhbətdən anlaşılır ki, vəziyyət acınacaqlıdır. İnsanlarda pul yoxdur. Bu problemi aradan qaldırmaq lazımdır. Bu gün əsas problem rəqabətli mühitin olmaması, inhisarın olmasıdır. Xarici investorların ölkəyə gəlməsinə şərait yaratmalıyıq. Bu gün açılan turizm obyektləri hamısı dövlət hesabına başa gəlir. Niyə xarici investorlar Gürcüstana sərmayə qoyur, Azərbaycana yox? Biz onlara şərait yaratmalıyıq. Xarici investorların ölkəyə gəlməsinə şərait yaratmalıyıq. Ona görə də hesab edirəm ki, Rəqabət Məcəlləsini tezliklə qəbul etməliyik, nəzarət mexanizmi yaradılmalıdır. Baş verən neqativ hallarla bağlı prezidentə məruzə olunmalıdır”,-deyə Fazil Mustafa qeyd etdi.

Rəqabətli mühitin olmaması, inhisarçılığın tüğyan etdiyi biznes sahəsini inkişafdan saxlayan, bahalaşmanı yaradan əsas amillər məhz bunlardır. İqtisadi nəzəriyyəyə istinad etsək, bankların fəaliyyəti normal olmayan ölkələrdə biznes heç bir halda inkişaf edə bilməz. Biznesin aktivliyi məhz bankların fəaliyyətindən, bu sahəyə ayrılan vəsaitlərdən, verilən kreditlərdən asılıdır. Hazırkı durumda bu məsələnin müsbətə doğru dəyişilməsi üçün münbit şərait yaranıb. Ölkə başçısının sərəncamı ilə vətəndaşlarla yanaşı, həm də bankların problemləri böyük ölçüdə həllini tapdı. Amma digər məsələlər, rəqabətli mühitin olmaması, monopoliyanın isə böyük ölçüdə var olması biznesin inkişafını ləngidən amildir. Yuxarıda da qeyd olunduğu kimi, iddia olunur ki, banklar biznes kreditlərinə ciddi maraq göstərəcək. Amma sadalanan neqativ məqamlar vətəndaşlar, xüsusilə də sahibkarların banklara müraciət etməsinə maneə yaradacaq kimi görünür. Maraqlıdır, bu məsələlər necə tənzimlənəcək?

İqtisadçı-alim Fuad İbrahimov isə “Cümhuriyət” qəzetinə açıqlamasında səslənən bütün problemlərin bu sərəncamda əhatə olunduğunu deyib. F.İbrahimov hesab edir ki, bu sərəncamdan sonra biznes sahəsi, bank-vətəndaş münasibətləri müsbət mənada inkişaf edəcək:

“İqtisadçılar hansısa məsələni tənqid edəndə, onun müasir dünyanın tələblərinə uyğun getməsinə işarə edirlər. Ancaq bir məqam da var ki, müasir dövrün tələbinə uyğun olan aktual qərar veriləndə də müsbət fikir demək lazımdır. Ölkə rəhbərliyi tərəfindən verilən bu qərar iqtisadçıların vurğuladığı-makroiqtisadi tarazlığın pozulması, biznes mühitinin olmaması kimi bütün məsələləri əhatə etdi. Bu, bütün neqativ halları aradan qaldıra biləcək sərəncamdır. Nəzərə almaq lazımdır ki, müstəqillik dövrü ərzində heç bir MDB dövlətində bu səviyyədə, hər bir sahəni əhatə edərək tamamlanmış sərəncam olmayıb. Yəqin ki, problemli kreditlərin həlli ilə bağlı verilən sərəncamın üzərində uzun zaman iş gedib. Çünki bu haqda heç bir məlumat yox idi. 

Birmənalı şəkildə bütün ekspertlər vurğulayırdılar ki, problemli kreditlər məsələsinə dövlət müdaxilə etməlidir. Çünki bu qapanmış dairəni açmaq mümkün deyildi. Nəhayət gündəmdə olan bu sərəncam həm biznes mühitinin formalaşmasına təkan verəcək, həm aktivliyə şərait yaradacaq, eyni zamanda makroiqtisadi tarazlığın bərqərar olmasını təmin edəcək. Digər tərəfdən, ən vacib məsələ olan bank-vətəndaş arasında münasibətlərin bərpa olmasına mütləq qaydada təkan verəcək. Banklar sərəncamdan irəli gələn ödənişləri etməyə başladığı gündən etibarən bütün məsələlər həm biznes sahəsindəki, həm bank-vətəndaş münasibətlərindəki, həm də digər problemlər zəncirvari şəkildə öz həllini tapacaq”.
 

Bənzər xəbərlər

Gündəm

0.035078048706055