İRANDA İQTİSADİ ÇÖKÜŞ:Azəbaycanla münasibətlərdə nələr gözlənilir? - TƏHLİL
“İşimiz öncə Allaha, sonra Amerika xalqına qalıb. Ümid edirik ki, Trampı təkrar seçməyəcəklər…”. Tehran Universitetinin professoru, politoloq Sadeq Zibakalamın bu sözləri hazırda İran İslam Respublikasının yaşadığı durumu təsəvvür etmək baxımından önəmlidir. (S.Zibakalam Bradford Universitetinin məzunudur, 2018-ci ildə “Deutsche Welle” tərəfindən “Söz azadlığı uğrunda” mükafatı ilə təltif edilib.)
İranın vəziyyətinə və iqtisadi böhranın doğurduğu nəticələrə nəzər saldıqda, S.Zibakalamın öz sözlərində mübaliğəyə yol vermədiyini görmək olur. Böhranı ağırlaşdıran əsas amil, şübhəsiz ki, Amerika Birləşmiş Ştatları tərəfindən 2018-ci ildə bərpa olunan sanksiyalardır.
Prezident Donald Tramp İranın nüvə proqramına dair 2015-ci ildə Tehran və “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 üzvü + Almaniya) arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planından ölkəsinin birtərəfli qaydada çıxdığını elan etdikdən sonra İrana qarşı sanksiyalar 2 mərhələdən ibarət olmaqla, bərpa edildi. Avqustun 7-dən etibarən qüvvəyə minən ilk mərhələ çərçivəsində İranın avtomobil sektoruna, borc kağızlarına, qızıl və qiymətli metal, polad, alüminium, kömür, qrafit ticarətinə, ABŞ dolları ilə əməliyyatlarına, sərnişin təyyarələri satın almasına, sənaye proseslərinin idarə olunması üçün proqram təminatı əldə etməsinə qadağa qoyulub.
Noyabrın 5-dən qüvvəyə minən ikinci mərhələdə isə daha sərt sanksiyalar tətbiq olunub. Qadağalar neft, bank, gəmiçilik kimi İran iqtisadiyyatının onurğasını təşkil edən aparıcı sektorları əhatə edib. Belə ki, İranın neft və neft məhsulları ixracatı, gəmiçilik şirkətləri, gəmiqayırma müəssisələri və onların törəmə qurumları, dəniz limanlarının operatorları, İran Milli Bankı, sığorta şirkətləri – ümumilikldə 700 hüquqi şəxs sanksiyaların təsiri altına düşüb. (İran neftinin alıcısı olan 8 ölkəyə – Çin, Yaponiya, Hindistan, Cənubi Koreya, Tayvan, İtaliya, Türkiyə və Yunanıstana alqı-satqı əməliyyatlarını yekunlaşdırmaq üçün 180 günlük möhlət verilib.) Sanksiyalar Qərbin iri korporasiyalarının İran bazarını tərk etməsinə səbəb olub, çünki İranda biznesə sahib və bu ölkə ilə ortaq layihələr həyata keçirən şirkətlər də ABŞ sanksiyalarına məruz qalacaqdı. Böyük ABŞ bazarını itirmək və dollar sistemindən təcrid olunmaq təhlükəsi qarşısında Avropa şirkətləri könülsüz də olsa, sanksiyalara əməl etmək məcburiyyətində qaldılar. İran bankları beynəlxalq banklararası mübadilə və ödəniş sistemi SWIFT-dən təcrid edilib. Avropa Birliyinin İranla ticarətdə alternativ ödəniş sistemi yaratmaq cəhdləri isə hələ ki lazımi effekti verməyib.
Neft sektoru İran iqtisadiyyatının qan damarını təşkil edir. Bu ölkənin islam inqilabından sonra dəfələrlə ABŞ-ın sanksiyalarına məruz qaldığı üçün izolyasiya şəraitində yaşamağa alışdığı və sanksiyalara qarşı immunitetinin yarandığı barədə qeyri-professional fikirlər, təbii ki, doğru deyil. İran hələ də resurs iqtisadiyyatı olaraq qalır, onun ixracatında və büdcə gəlirlərinin formalaşmasında neft-qaz başda olmaqla, xammalın çəkisi böyükdür. Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən vergi daxilolmalarının 80%-i neftin hesabınadır. Ona görə də, neft hasilatı və satışının səviyyəsi ilə ölkə iqtisadiyyatının durumu arasında birbaşa korellyasiya var. 2018-ci ilin oktyabr ayında İranda neft hasilatı 3,33 milyon barel təşkil etdiyi halda, sanksiyaların bərpa olunduğu noyabr ayında 2,928 milyon barelə enib. Dekabrda hasilat 2,769 milyon barelə qədər geriləyib. (Burada OPEC-in hasilatı azaltmaq barədə 7 dekabr tarixli qərarının da qismən təsiri var.) Səkkiz ölkəyə verilmiş 180 günlük möhlət yekunlaşdıqdan sonra İranın neft ixracı sıfırlanmasa belə, ən minimal səviyyəyə enəcək. “İHS Markit” konsaltinq firması 2019-cu ilin sonunda İranın neft ixracının 800 min bareldən az olacağını proqnozlaşdırır.
Təxmin etmək çətin deyil ki, bu səviyyədə geriləmə problemləri daha da ağırlaşdıracaq. Bunu ən mötəbər mənbə – İranın neft naziri Bijan Namdar Zangane də təsdiqləyir. Nazir hazırkı sanksiyaların səbəb olduğu problemlərin 8 illik İran-İraq müharibəsi dövründən daha çox çətinlik yaratdığını, hətta qonşu və dost ölkə İraqın İranla bu sahədə əməkdaşlıqdan çəkindiyini söyləyib.
Bu günlərdə İranın 1398-ci (2019) il dövlət büdcəsi təsdiqlənib. Büdcənin xərc hissəsi 400 trilyon tümən – mövcud məzənnə ilə 34 milyard ABŞ dolları təşkil edir. (1 dollar 12000 tümənə bərabərdir.) Ötən ilə nisbətən xərclərdə 5%-lik nominal artım olsa da, 40%-i aşan inflyasiya nəzərə alındıqda əslində 35% azalma var. Milli pul 2018-ci ildə “qara bazar”da dollar qarşısında 50% civarında ucuzlaşıb. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, 2018-ci ilin yekunlarına əsasən İranın Ümumi Daxili Məhsulunun (ÜDM) həcmində 3%, 2019-cu ildə isə 3,6% azalma baş verəcək. Yəni iqtisadiyyat kilçilir. Hökumət çalışır ki, böhran insanların gündəlik həyatına çox da təsir etməsin, bu məqsədlə zəruri istehlak mallarının qiymətlərini stabil saxlamaq üçün subsidiyalar ayırır.
Prezident Ruhani büdcə təşkilatlarında çalışanların maaşlarının, eləcə də təqaüdlərin artırılmasını da vəd edib. Lakin tənəzzülü dayandırmaq və problemlərin dərinləşməsinin qarşısını almaq mümkün olmur. Məsələn, son həftələr ölkədə ət qıtlığı yaranıb, nəticədə ətin qiyməti xeyli yüksəlib. Ətin 1 kiloqramının qiyməti 100 min tümənə qalxıb və dövlət öz ehtiyatlarından kilosu 29 min tüməndən donmuş ət satışa çıxarıb. İran parlamentinin sənaye komissiyasının sədri Əziz Əkbərianın acı etirafı durumun nə qədər kritik olduğunu göstərir. Əkbərian bildirib ki, xeyli vaxtdır evinə ət alıb, apara bilmir: “Sonuncu dəfə 64 min tümənə ət almışdım, indi qiymət iki dəfə artıb və almağa imkanım yoxdur.” Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə məhdud həcmdə ucuz ət ala bilirlər. Artıq bu səbəbdən Tehran restoranlarının təxminən dörddə biri fəaliyyətini dayandırıb. Paytaxtda vəziyyət belədirsə, əyalətlərdə və ucqarlarda baş verənləri təsəvvür etmək çətin deyil.
Bundan başqa, valyuta əldə etmək məqsədilə meyvə-tərəvəz ixracının artması ölkə daxilində bu məhsulların da qıtlığının yatranmasına səbəb olub. Sanksiyanın təsiri ilə yerli avtomobil istehsalının aşağı düşməsi daxili bazarda avtomobillərin qiymətinin 5-15 milyon tümən arasında yüksəlişinə gətirib çıxarıb, nəticədə bu sektorda alış-veriş, demək olar ki, dayanıb.
Başqa bir problem İran bank sektoruna və dollarla əməliyyatlarına tətbiq olunan sanksiyaların yaratdığı çətinlikdir. İran-Çin Ticarət Palatasının məlumatına əsasən, Çin bankları İrana kredit verməyi dayandırıb və iranlıların hesablarını dondurmağa başlayıb. Belə bir vəziyyətdə Rusiya İrana yardım etmək qərarına gəlib. Tehran Moskvadan 5 milyard avro kredit alacaq və bu anlaşma İran parlamentində qəbul olunan büdcə qanununda əksini tapıb. Rusiyanın İrana kredit ayırması əslində 2015-ci ildə planlaşdırılırdı, lakin nüvə proqramına dair müqavilənin imzalanmasından və embarqoların ləğvindən sonra məsələ aktuallığını itirmişdi. İndi İranın yenidən bu kreditə ehtiyacı yaranıb.
ABŞ sanksiyaları səhiyyə sahəsinə yönəlməsə də, mövcud neqativ atmosfer və ağırlaşan böhran bu sahəyə də təsir edir. Məsələn, İranda xərçəng, hemofiliya, talassemiya, autizm, böyrək xəstəliklərinin müalicəsinə və orqan transplantasiyasına xüsusi kateqoriya xəstəliklər kimi dövlət tərəfindən maliyyə ayrılır. 2017-ci il büdcəsində bu sahəyə 234 milyard tümən ayrıldığı halda, 2018-ci ildə bu məbləğ 216 milyarda, 2019-cu ildə isə 150 milyarda düşüb. İnflyasiya da nəzərə alındıqda, azalmanın miqyası əslində daha genişdir. Dərman idxalı üçün valyuta tələb olunduğundan, dövlət yerli dərmanların istifadəsinə üstünlük verir. Səhiyyə Nazirliyi həkimlərə öz reseptlərinə yerli dərmanları yazmağı tapşırıb. Lakin xəstələr ağır xəstəliklərin müalicəsi üçün yerli dərmanların keyfiyyətinin yetərli olmadığını bildirir…
Göründüyü kimi, kifayət qədər ağır mənzərə yaranıb və yaxın perspektivdə yaxşılaşma gözləmək üçün ciddi əsas yoxdur. Professor Zibakalamın dediyi kimi, ümid ona qalır ki, ABŞ-da 2020-ci il prezident seçkilərində demokratların namizədi qalib gəlsin və onlar Barak Obama dövründə imzalanan müqaviləyə geri qayıdıb, sanksiyaları aradan qaldırsınlar.
İranın siyasi sistemi (vilayəti fəqih) elə qurulub ki, ölkədəki sosial-iqtisadi problemlərə görə xalq tərəfindən seçilən prezident və onun formalaşdırdığı hökumət məsuliyyət daşıyır. Teokratiyanın başında dayanan ali rəhbər, yəni inqilabın lideri isə bütün gücü əlində cəmləşdirdiyi halda, məsuliyyətdən kənardır. Lakin ölkədə 2017-ci ilin son günləri və 2018-ci ilin əvvəllərində baş verən kütləvi etiraz aksiyalarında təkcə hökumət deyil, ali rəhbər də insanların qəzəbinə tuş gəldi, məlum oldu ki, ölkədə mövcud sistemdən narazı olan, problemlərin mənbəyi kimi hökuməti deyil, məhz sistemi görən vətəndaşların sayı da az deyil. Bu baxımdan islahatçı qanadın tanınmış simalarından olan Səid Hacarianın sözləri diqqətəlayiqdir. Hacarian deyir ki, gələn il bu vaxtlar xalq artıq bu sistemdən ümidini kəsəcək. Onun fikrincə, xalq islahatçılara, mühafizəkarlara, hökumətə, parlamentə, məhkəmə-hüquq sisteminə, bir sözlə, dövlətə olan etimadını itirəcək. Təbii ki, ali rəhbər də təhlükənin fərqindədir. İnqilabın 40 illiyi münasibətilə Əli Xamneinin gənclərə müraciətindəki “İnqilab öz səhvlərini düzəltməyə hazırdır” sözləri bunu təsdiqləyir.
İran İslam Respublikası qonşuluq və etnik-dini-tarixi-mədəni yaxınlıq səbəbi ilə Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətli ölkədir. İrandakı azərbaycanlıların sayı barədə müxtəlif rəqəmlər səslənsə də, onların farslarla birlikdə ən böyük 2 etnosdan biri olması şübhə doğurmur. Bu səbəblə, orada baş verən hadisələrin Azərbaycana da dolayı təsirləri var.
Hər il çoxlu sayda Azərbaycan Respublikası vətəndaşı müalicə, biznes, alış-veriş, turizm kimi məqsədlərlə İrana səfər edir. 2018-ci ildə ümumilikdə 4 milyon 908,1 min Azərbaycan vətəndaşı ölkədən çıxıb və bunların üçdə biri – 33,6%-i İrana gedib. Bu, kifayət qədər yüksək rəqəmdir.
Eyni dövrdə Azərbaycana səfər edən 2 milyon 849,6 min nəfər xarici ölkə vətəndaşlarının 8,5%-i iranlılar olub. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcminin ciddi artımı da diqqəti cəlb edir. Belə ki, 2017-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 257 milyon 067,6 min dollar olduğu halda, 2018-ci ildə bu rəqəm 446 milyon 032,72 min dollara yüksəlib. 2017-ci ildə Azərbaycanın İrana ixracı 16 milyon 794,1 min dollar, bu ölkədən idxalı 240 milyon 273,5 min dollar olduğu halda, 2018-ci ildə bu rəqəmlər müvafiq şəkildə 31 milyon 231,72 min və 414 milyon 801,00 min təşkil edib.
Ötən il ticarət dövriyyəsinin və İrana səfər edən Azərbaycan vətəndaşlarının sayının bariz şəkildə yüksəlməsinin üzərində ayrıca dayanmağa ehtiyac var. Bunun bir neçə səbəbi ola bilər. 2018-ci ildə Astara və Biləsuvar sərhəd-buraxılış məntəqələri 24 saatlıq iş rejiminə keçib və insanlar daha intensiv şəkildə sərhədi keçmək imkanı qazanıb. Xarici ticarətin artımına gəldikdə isə, iqtisadçı Rövşən Ağayev Azərbaycan gömrüyündəki leqallaşmanın bu məsələdə ciddi rol oynaya biləcəyini düşünür. O qeyd edib ki, hələlik qarşılıqlı ticarətin illik yekunu açıqlanmasa da, 9 ayın nəticələri məlumdur: “Azərbaycanın İrandan idxalının kəskin artmasında təbii qaz, eləcə də kartof idxalı mühüm rol oynayıb. Neftçala avtomobil zavodun açılışının da rolu var, İrandan avadanlıq və ehtiyat hissələr gətirilib.”
Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizi, Neftçala Sənaye Zonasında birgə avtomobil zavodu, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu və digər layihələr çərçivəsində əməkdaşlıq edir. Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad” hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xəttinin qurulması layihələri həyata keçirilib, İrana elektrik satışına dair çərçivə sazişi imzalanıb. Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 700-dən çoxdur. İki ölkə münasibətlərində son illərin ən vacib hadisələrindən biri isə 2017-ci ilin noyabrında Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair kredit sazişinin imzalanmasıdır. Bu sazişə əsasən Azərbaycan İrana 500 milyon dollar kredit ayırıb.
Əsas hissəsi 2018-ci ilin noyabrında tətbiq olunan ABŞ sanksiyalarının Azərbaycan-İran iqtisadi münasibətlərinə də mənfi təsir edəcəyi gözlənilir. Bu məsələ ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakıya səfəri zamanı onun Azərbaycan prezidenti ilə görüşündə müzakirə olunub. Artıq İran Milli Bankının Bakı filialı (Bank Melli İran – Baku) sanksiya siyahısına düşüb. Aydındır ki, Azərbaycan ABŞ-la konfrontasiyaya getməyəcək və sanksiyaların təsiri altına düşən sahələrdə İranla əməkdaşlığını məhdudlaşdıracaq. Buna 500 milyon dollarlıq kredit də daxildir. Sanksiyalardan əvvəl bu kreditin nə qədərinin İrana köçürüldüyü məlum deyil. Bilinən budur ki, qalan hissənin köçürülməsi mümkün olmayacaq. İqtisadçı R.Ağayev də sanksiyaların Azərbaycanı İranla ticarətdə və iqtisadi kooperasiyada daha ehtiyatlı olmağa sövq edəcəyinə əmindir.
Şahin Cəfərli, politoloq
(bakuresearchinstitute.org)