Aparıcı Fazil Talıbovdan şikayət etdi: “Küçələrdə qalan qadına reaksiya verilmir”
“Space” TV-nin aparıcısı Amil Xəlil Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbonun fəaliyyətini tənqid edib.
Unikal.org-a açıqlama verən aparıcı bildirib ki, 1 aydır “Vasmoy” bazarında gecələyən Zibər Abbasova adlı yaşlı qadınla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbova müraciət edib:
“10 gündür F.Talıbova sözügedən yaşlı qadının sığınacaqda yerləşdirmək üçün müraciət edirəm. O, məni yola verir, bəzən də telefonumu açmır. Halbuki, qadın “Space” TV-yə kömək məqsədilə müraciət edib və qocalar evinə yerləşdirilməsini istəyir. Hazırda ona ətrafda yaşayan insanlar baxır. Sağlam qadındır. Övladı yoxdur. Mən bir həftədən çoxdur bu xanım haqqında məlumat verirəm. Bu gün-sabah deyə-deyə uzadırlar. Adam ancaq tərifə işləyir deyəsən? Deyirlər ki, kimsəsizlər üçün nəzərdə tutulan sığınacağa lazımı sənədlər yığılmalıdır. Yığmışıq da, onların görməli olduğu işi də biz edirik. Halbuki, bu işi ƏSMN etməlidir. Mən əminəm ki, cənab nazirin bunlardan xəbəri yoxdur. Bu kimsəsizdirsə, bunun sənəd işini kim görməlidir? Dünən irad bildirmişəm bu gün mənə yazıb ki, “şantaj edirsən”. Bəsdirində. Yazıqdır bu camaat. Yenə deyirəm, bu sənəd işini siz görməlisiz, biz deyil! Əminəm ki, Sahil Babayevin bunlardan xəbəri yoxdur”.
Aparıcı məsələ ilə bağlı Sahil Babayevə də müraciət edib: “Mən xahiş edirəm cənab nazirdən. Bu insanlar haqqında tədbir görsün. Prezidentimiz hər zaman deyir ki, məmurlar xalqa xidmət etməlidir”. Mən onlara dedim ki, bəy, əgər qəbul etmirsinizsə, çəkilişdən sonra buraxıram qadını və deyirəm ki, bağışla biz sənə kömək edə bilmədik!
Əgər bu şantaj olsaydı biz də sənin kimi kresloda oturub “əşi” deyərdik!!!”.