ABŞ hakerlər barədə məlumata görə 10 milyon dollar ödəyəcək
ABŞ hakimiyyəti kompüter viruslarından kiberhücumlar üçün istifadə edən “Hive” haker qrupunun əsas şəxslərini müəyyən etməyə kömək edəcək məlumat üçün 10 milyon dollar ödəməyə hazırdır.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddə qeyd olunub ki, Birləşmiş Ştatlar “Hive” transmilli cinayətkar qruplaşmasında əsas lider rolunu oynayan hər hansı şəxs və ya şəxslərin kimliyini, yaxud da yerini müəyyən edən məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edir.
Həmçinin, Dövlət Departamenti “Hive” proqram təminatından istifadə edərək kiberhücumda iştirak etdiyinə görə “istənilən ölkədəki istənilən şəxsin” həbsinə səbəb olacaq məlumat üçün 5 milyon dollara qədər pul ödəməyə hazırdır.
Qurumun məlumatına görə, 80-dən çox ölkədə, o cümlədən ABŞ-də insanlar “Hive ransomware” viruslarından istifadə edilməklə hücuma məruz qalıblar.
Mənbə: TASS