"Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə uğurla davam etdirilib"
“Prezident İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi 2018-ci ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib”.
Bunu Baş prokuror Zakir Qaralov yanvarın 4-də Baş Prokurorluqda keçirilən 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində deyib.
O bildirib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən digər cinayət işləri ilə yanaşı, qida təhlükəsizliyi, tikinti və şəhərsalma tələblərinin pozulması, həmçinin bank sektorunda yol verilmiş qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv araşdırmalar aparılır.
Qeyd edil ki, Baş İdarənin səmərəli fəaliyyəti nəticəsində Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) kimi mötəbər beynəlxalq təsisatlar tərəfindən verilmiş tövsiyələrin böyük əksəriyyəti uğurla icra edilib.
Z.Qaralov bildirib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin keyfiyyətli istintaq edilməsi və təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi təmin edilib.