“Heydər Əliyev və qeyri-maddi mədəni irs” mövzusunda elmi konfrans keçirilib
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın Rəyasət Heyəti və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi münasibətilə “Heydər Əliyev və qeyri-maddi mədəni irs” mövzusunda elmi konfrans keçirilib.
Bu barədə "Mozalan.az" a AMEA-dan məlumat verilib.
Bildirilib ki, konfransdan öncə iştirakçılar Əlyazmalar İnstitutunun Ekspozisiya zalında təşkil olunmuş UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilən Azərbaycan əlyazmalarından ibarət sərgi ilə tanış olublar.
Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova qonaqlara sərgidə nümayiş olunan əlyazmalar – Orta əsrlər tibb və farmakologiya tarixinə dair əsərlər, Məhəmməd Füzulinin anadilli “Divan”ının qədim əlyazma nüsxəsi və Xurşidbanu Natəvanın “Gül dəftəri” albomu haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu elmi-nəzəri toplantı AMEA-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş çoxsaylı konfransların cari il üçün sonuncusudur. Ölkəmizdə “Heydər Əliyev İli” bitsə də, HeydərƏliyevşünaslıq üzrə tədqiqatlar davam edir: “Bu konfrans da Ümummilli Liderin irsinin, onun Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində gördüyü misilsiz işlərin fundamental tədqiqi baxımından əhəmiyyətlidir. Belə ki, Ulu Öndər Azərbaycanın həm maddi, həm də qeyri-maddi irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və dünyada təbliği istiqamətində mühüm nailiyyətlərə imza atmış, özündən sonra bir yol müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da bu yolla irəliləyərək milli mədəniyyətimizin təbliğ və təşviq işini uğurla davam və inkişaf etdirir. Ölkəmizin qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsi yönündə əldə etdiyi nailiyyətlər də bunun bariz nümunəsidir”.
Konfransda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev “Qeyri-maddi mədəni irsimizin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu”, akademik Teymur Kərimli “UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil olan Azərbaycan əlyazmaları”, akademik Muxtar İmanov “Heydər Əliyev siyasi kursu və xalq mədəniyyəti” mövzularında məruzələr ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının müstəqillik illərində Ulu Öndərin xalqın təkidli tələbi ilə ali siyasi hakimiyyətə qayıdışından sonra mədəniyyətimizin beynəlxalq arenada tanıdılması, klassik irsimizin, muğam, xalça sənətinin, milli kulinariya nümunələrinin, tarixi abidələrimizin təbliği sayəsində əlamətdar nailiyyətlər əldə olunub, bir çox qeyri-maddi və maddi mədəniyyət nümunələrinin UNESCO-nun siyahısına salınması istiqamətində mühüm işlər görülüb. Bu uğurların özülündə isə hələ Ulu Öndərin sovet dövründə apardığı uğurlu siyasətin durduğu nəzərə çatdırılıb.
Məruzəçilər Ümummilli Liderin ideallarının həyata keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətimizin tədqiq və təbliği istiqamətində atılan addımlar, imzalanan müqavilələr, maarifləndirmə və təbliğat fəaliyyətinin əhəmiyyətli nəticələri barədə məlumat verib, gələcək planlar barədə danışıblar.
Daha sonra məruzələr ətrafında çıxışlar olub, AMEA prezidenti və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi gələcəkdə icra edilməsi mümkün olan müştərək layihələr haqqında müzakirələr aparıblar.