Dec 28

Beyinə zərər verən 15 SƏBƏB

Beyin çox həssas bir orqandır və demək olar ki, hər şeydən təsirlənir.

Mozalan.az xəbər verir ki, professor, nevroloq Derya Uludüz bəzi vərdişlərdən travmalara, stressdən az su içməyə qədər bir çox amilin bu həyati orqana mənfi təsir etdiyini bildirib.

Nevroloq qeyd edib ki, düzgün işləməyən beyin, düzgün işləməyən bədən deməkdir. Bu səbəbdən beynimizi zədələyən səbəbləri nəzərdən keçirib dəyişdirməli və ya aradan qaldırmalıyıq. O, beyinə zərər verən, onu təhdid edən 15 səbəbi açıqlayıb.

Fiziki travma - huşunu itirmə, şok keçirmə və qəzalar beyinə təsir edir. Beyin sarsıntısından sonra baş ağrısı, bir neçə dəqiqə ərzində huşunu itirmə, zədə zamanı baş verənləri xatırlamama, eşitmə və görmə qabiliyyətinin pozulması, diqqətin azalması və çaşqınlıq ola bilər. Bütün bunlar təcili müdaxilə tələb edən vəziyyətlərdir.

Maddə asılılığı - narkotiklər beynin ən böyük düşmənidir. Bunlar beynin normal fəaliyyətini pozmaqla yanaşı, beyin damarlarında da tıxanmalara səbəb olur.

Siqaret - beyinə və bədənə qan axınını məhdudlaşdırır. Siqaret çəkən insanlarda diqqəti toplamaqda çətinlik yarana bilər. Siqaret çəkənlərin təkcə dərisi deyil, beyni də sürətlə qocalır.

Spirt - hətta orta dərəcədə spirt istehlakı beyin funksiyalarına təsir göstərir. Spirtli içki qəbul edən insanların beyinləri daha kiçik olur. Ancaq beyin ölçüsü çox vacibdir. Prefrontal korteksin (beynin planlaşdırma, qabaqcadan düşünmə və mühakimə ilə məşğul olan hissəsi) funksiyasını pozur.

Həddindən artıq çəki - yağlar zərərli maddələri saxlayır. Bədəndə nə qədər çox yağ varsa, beyin bir o qədər pisdir, çünki o, zərərli maddələrdən təsirlənir. Yağın həddən artıq çoxluğu da beynin kiçilməsinə səbəb olur. Piylənmə idrak qabiliyyətinin zəifləməsi və Alzheimer riskini də artırır.

Yanlış qidalanma - qeyri-sağlam qidalanma beynin həcmini, funksiyasını və struktur inkişafını pozur. Buna görə də şəkər, yağ və karbohidratların həddindən artıq istehlakından çəkinmək lazımdır. Sağlam bir beyin üçün pəhriz zeytun yağı və “Omeqa-3” kimi sağlam yağlara, təzə, mövsümi tərəvəz və meyvələrə, çiy qoz-fındıq, paxlalılar və bütün taxıllara diqqət yetirilməlidir.

  Yalnızlıq - yalnızlıq çox vaxt mənfi düşüncələrə səbəb olur. Bu, beyində beta-amiloid toplanmasına səbəb olur və zamanla demensiyaya qapı açır. Elmi araşdırmalar göstərir ki, qısa müddət ərzində də olsa ünsiyyət qurmaq beyni aktivləşdirmək üçün kifayətdir. Yaxın dostlarla söhbət etməklə beyini aktivləşdirmək mümkündür.

Xroniki stress - ağır iş yükü, maddi çətinliklər və evlilik problemləri xroniki stressin səbəbləridir. Daimi stress altında olan beyin stress hormonu - kortizol ifraz edir. Kortizol iştahanı və şəkər istəklərini artırır, bu da çəki artımına səbəb olur. Əzələ gərginliyini və xroniki ağrıları, o cümlədən qan təzyiqini artırır. Bütün bunlar beyin sağlamlığını pozur.

Yuxusuzluq – düzənsiz yuxu, yuxu pozğunluğu həmişə fiziki, beyin sağlamlığına mənfi təsir edir.

Həddindən artıq kofein - hər şeyin artığının zərərli olması, təbii ki, tərkibində kofein olan qidalara da aiddir. Gün ərzində həddindən artıq kofein qəbulu beyinə mənfi təsir edir. Yaddaşda, diqqətdə, qavrayışda, düşüncədə, dildə və şüurda əsas rol oynayan maddənin həcmini azaldır.

Həddindən artıq televizora baxmaq - həddindən artıq televizora baxmaq uşaqlarda hiperaktivlik, böyüklərdə isə Alzheimer xəstəliyi ilə əlaqələndirilir. Gündə iki saatdan çox televizora baxmaq piylənmə riskini artırır. Artıq çəki də beyinə zərərlidir.

Şiddətli kompüter oyunları - bu oyunlar zorakılığa səbəb olur. Zaman keçdikcə uşaqlar bu oyunlara aludə olurlar. Belə oyunlar beyinə mənfi təsir edən amillər sırasındadır.

Su itkisi - bədənin 70 faizi və beynin 80 faizi sudan ibarətdir. Əgər kifayət qədər su içilməsə, beyin funksiyası da azalır.

İntensiv sosial şəbəkə istifadəsi - daim mesajlaşmaq və internetdə sosial şəbəkələrdə vaxt keçirmək diqqət problemlərinə səbəb olur. Zamanla üz-üzə ünsiyyətdə çətinlik yaradır.

Hərəkətsizlik - beynin də hər bir əzələnin ehtiyac duyduğu kimi məşqlərə ehtiyacı var. Hərəkətsizlik səbəbindən qan axını zəiflədiyi üçün beyinə kifayət qədər qan çatmır. Yaddaş da bu vəziyyətdən mənfi təsirlənir.

Bənzər xəbərlər

Gündəm

0.030764102935791