Azərbaycanda məhbusların intim həyatı: - Qadın yoxdursa, meydan "üzdəniraq"lara qalır
Normal intim həyat yaşamayan şəxslərdə aqressiya, psixoloji pozğunluq yaranır. Bu cür şəxslərdə, hətta zorakılıq halları da müşahidə etmək mümkündür. Mütəxəssislər də iddia edirlər ki, normal intim həyat yaşamayan şəxslərdə cinayətə meyllilik digərləri ilə müqayisədə daha yüksəkdir.
Bəlli səbəblərdən normal intim həyatdan məhrum olan şəxslərin bir qismi də məhbuslardır. Hətta bir çox ölkələrdə məhbuslar dəfələrlə intim münasibətlərinin təmin olunması üçün etiraz şüarları səsləndiriblər. Onlar "intim həyatımız olarsa, biz bu qədər aqressiv olmarıq" – deyə hökumət rəsmilərinə səsləniblər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhbuslara ildə bir neçə dəfə intim münasibət yaşamaq üçün şərait yaradılır. Hüquqşünas Elvin Səlimov Sputnik Azərbaycan-a məsələnin hüquqi tərəfi haqda danışıb: "Azərbaycanda ümumi rejimli, ciddi rejimli, xüsusi rejimli və məntəqə tipli cəzaçəkmə müəssisələri və həbsxanalar var. Ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər il ərzində 48 qısamüddətli və 4 uzunmüddətli görüşlə təmin olunur".
"Uzunmüddətli görüşə məhkumların ailə üzvləri və yaxınları gələ bilərlər. Bu zaman məhkuma ailə üzvü ilə gecələmək imkanı verilir. Uzunmüddətli görüş 1-2 gün ola bilər. Qısamüddətli görüşlər isə saatlarla davam edir. Məhbus həbsxanadaxili qaydalara riayət etdikdə isə, ona əlavə olaraq il ərzində daha 4 uzunmüddətli görüş almaq imkanı verilir. Bundan əlavə həmin məhkumlar hər il cəzaçəkmə müəssisəsinin qərarı ilə qısa müddətdə hüdudlardan kənara səfər edə bilirlər" - hüquqşünas bildirib.
"Ciddi rejimdə cəzaçəkmə müəssisəsində ağır cinayətə görə ilk dəfə məhkum edilmiş, sonradan cəzasının qalan hissəsinin çəkilməsi üçün ümumi rejimli müəssisələrə göndərilən məhkumlara da görüş imkanı verilir. Onlar il ərzində 24 qısamüddətli, 3 uzunmüddətli görüş ala bilirlər. Cəzanın icrası qaydalarını pozmadıqda isə onlar il ərzində əlavə olaraq 12 qısamüddətli, 3 uzunmüddətli görüş ala bilərlər" – deyə o, əlavə edib.
E.Səlimov ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindəki vəziyyət haqda da məlumat verib: "Ciddi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara il ərzində 12 qısamüddətli, 2 uzunmüddətli görüş almaq hüququ verilir. Cəzanın icrası qaydaları pozulmadıqda isə əlavə olaraq 6 qısamüddətli, 2 uzunmüddətli görüş almaq hüququ verilir. Xüsusi rejimli cəzaçəkmə müəssisələrində isə məhkumlar il ərzində 6 qısamüddətli, 2 uzunmüddətli görüş ala bilərlər. Cəzanın icrası qaydaları pozulmadıqda onlara il ərzində 2 qısamüddətli, 1 uzunmüddətli görüş almaq hüququ verilir".
Müsahibimizin sözlərinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində məhbuslara məhdudiyyət olmadan qohumları və başqa şəxslərlə yazışmağa, görüşməyə imkan verilir: "Onlar hətta 12 saat cəzaçəkmə müəssisəsindən kənarda ola bilərlər. Həbsxana rejimində cəza çəkən məhkumların ümumi və ciddi saxlanma rejimi var. Ümumi saxlanma şəraitində məhkumlar qısamüddətli 4, uzunmüddətli olmaqla isə, 2 görüş almaq hüququna malikdir. Cəzanın icrası qaydalarını pozmadıqda və cəzanın yarısından çoxu çəkilmiş olarsa, bu zaman məhbus 1 uzunmüddətli görüş ala bilər".
"Ciddi saxlanma şəraitində cəza çəkən məhkumların uzunmüddətli görüşü yoxdur. Onlar yalnız 6 ayda bir dəfə qısamüddətli görüş almaq hüququna malikdirlər. Bundan əlavə, ömürlük azadlıqdan məhrum edilən məhbuslar var ki, onlar kameralarda saxlanılır. Belə məhbuslar il ərzində 6 qısamüddətli, 2 uzunmüddətli görüş ala bilirlər. Onlar cəzanın icrası qaydalarını pozmadıqda və təyin olunan cəzadan 10 ilini çəkmiş olduqları halda əlavə olaraq 2 qısamüddətli, 1 uzunmüddətli 1 görüş almaq hüququ qazanırlar" – E.Səlimov əlavə edib.
İki dəfə həbsdə olmuş Rauf Ağayev (ad şərtidir - red.) Sputnik Azərbaycan-a məhbusların intim həyatından danışıb. 2005-ci ildə 1 il 8 ay olmaqla Salyanda, 2012-2015-ci illərdə isə Bakıda Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşamış müsahibimiz bildirib ki, ailəli olduğu üçün ona həyat yoldaşı ilə görüşə icazə verilirmiş.
"Hər iki cəzaçəkmə müəssisəsində qayda-qanun çərçivəsində intim münasibətlərə icazə verilirdi. Bunun üçün dövlət rüsumu 15-20 manatdır. Subaylar isə yalnız həftədə bir dəfə ailəsi ilə görüşə bilirdilər. Lakin onlara intim münasibət üçün şərait yaradılmırdı. Çünki kəbinsiz və rəsmi nikah kağızı olmadan, heç bir halda bu, mümkün deyil" - həmsöhbətimiz qeyd edib.
R.Ağayev, həmçinin həbsxana daxilindəki arzuolunmaz vəziyyətdən də söz açıb: "Həbsxanada "üzdəniraq" adlanan kişilər vardı. Məhbus yanında bir yoldaşını da xəbərçi kimi aparmaqla "üzdəniraq" məhbusla, yəni "mavi"lərlə intim əlaqədə olurdu. Yuxarılardan bunu kimsə bilərdisə, o zaman dustaq cəzalandırılardı. "Mavi"lərlə cinsi əlaqədə olan şəxslərə heç də pis baxılmırdı. Amma onlarla eşq, məhəbbət yaşayanlara pis baxılırdı".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvi Çingiz Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında, məhbuslar üçün ayrılan xüsusi günlərin sayının artırılmasına ehtiyac olmadığını deyib: "Milli Məclisdə 4-5 il öncə bu məsələyə baxılmışdı, telefon danışıqları, şəxsi görüşlərin sayı iki dəfə artırılmışdı. Görüş günlərinin daha da artırılması ortaya müəyyən problemlər ata bilər".
"Mən həm də cəzaların icrası ilə bağlı ictimai komitənin üzvi kimi tez-tez cəzaçəkmə müəssisələrində olduğum üçün vəziyyətdən xəbərdaram. Bu müəssisələrdə görüş otaqlarının sayı məhduddur. Minədək məhkum olan cəzaçəkmə müəssisəsində var 10-15 görüş otağı var. Hər məhbus üçün 3 günlük görüş müddətini nəzərə almaqla, otaqları o qədər məhbus arasında bölmək çətindir" - deputat bildirib.
Həmsöhbətimiz mövcud qanunvericiliyin təqdirəlayiq olduğunu bəyan edib: "Dünyanın hər yerində belədir. Cəzaçəkmə müəssisəsi nə sanatoriyadır, nə də istirahət mərkəzi. Orada çoxsaylı yataqxana otaqları da yoxdur ki, məhkumlar ailələri ilə istədikləri vaxt görüşə bilsinlər. Onlar törətdikləri cinayətə görə müəyyən hüquqları məhdudlaşdırılmış şəxslərdir. O baxımdan hesab edirəm ki, hazırkı qanunvericilik kifayət qədər normaldır. Reallıq məhbuslar üçün ayrılan bu müddətin artırılmasına imkan vermir.".
Əlbəttə ki, törətdikləri əmələ görə, qanunvericiliyin tələblərinə uyğun olaraq məhbusların bir sıra istəkləri ilə yanaşı intim tələbatları da qarşılanmır. Psixoloq Asəf Kərimli bu baxımdan yarana biləcək problemləri Sputnik Azərbaycan-a belə şərh edib: "Yetkin insanın tələbatları arasında cinsi istəyin ödənilməsi təkcə fizioloji baxımdan deyil, həmçinin psixoloji, sosial baxımdan da qiymətləndirilməlidir. Cinsi tələbatın ödənilməsində yaranan məhdudiyyətlər bir çox problemlərə səbəb olur. Məhbusda şəxsiyyətin aşağılanması, natamamlıq hissi yaranır. Belə olan halda isə aqressiya pik həddə çatır. Bu aqressiya məhkumun həbsxanada olduğu ilk 6 ay-1 il ərzində özünü daha açıq şəkildə göstərir".
"Cəzaçəkmə müəssisəsindəki psixoloji mühit də ailə görüşləri zamanı partnyorla münasibətə mənfi təsir göstərir. Bəzən onların arasında heç bir münasibət alınmır. Belə olan halda da məhkumda özünə inamsızlıq formalaşır. Məhkum bütün bu hadisələrin fonunda impotent olmaq qorxusu ilə yaşayır. Belə şəxslər digərlərinin onun bu problemi haqda danışdığını düşünərək, hətta adi baxışlardan da qıcıqlanırlar. Yaranan bu problemlər gələcəkdə qısqanclığa, tərkedilmə qorxusuna gətirib çıxarır" – deyə psixoloq bildirib.
Həmsöhbətimiz onu da qeyd edib ki, bir çox hallarda rəsmi nikahın olmaması məhbuslar üçün əlavə çətinliklər meydana çıxarır. Ona görə də cəzaçəkmə müəssisəsində nikahın rəsmiləşdirilməsi üçün şərait yaradılır.
A.Kərimov intim həyatın məhdudlaşdırılmasının yaratdığı digər problemlərdən də söz açıb. Bildirib ki, belə olan halda məhbuslarda homoseksual münasibətlərə də meyl yaranır: "Sonradan belə münasibətlər vərdiş halını alır. Gənclərdə isə homoseksuallıq ciddi travmalara, günah hissinə və aşkar olunma qorxusuna səbəb olur".
"Cəzaçəkmə müəssisəsində elə şəxslər var ki, digərlərinə öz xidmətlərini təklif edirlər. Müəyyən səbəblərdən qadın partnyoru ilə görüşə bilməyən şəxslər üçün homoseksuallıq bəzən intihara da səbəb olur. Bu səbəbdən də bu məsələdə psixoloji amillər nəzərə alınmalıdır. Uzunmüddətli münasibətlərin olmaması nevroza səbəb olur. Nəticədə həmin şəxslərdə övladlarına və yaxınlarına qarşı aqressiv davranış müşahidə edilir. Bu səbəbdən ailə bağlarında da müəyyən problemlər yaranır" – deyə psixoloq əlavə edib.
Mütəxəssis mövcud problemlərin aradan qaldırılması üçün bir neçə təklif səsləndirib: "İlk növbədə penitensiar sistemin Avropa standartlarına uyğun qurulması təmin edilməlidir. Belə görüşlər üçün məhkumlara bir neçə günlük məzuniyyətin verilməsi daha məqsədəuyğun olardı. Bu, mümkün deyilsə, o zaman penitensiar xidmətdən kənarda məhkumla ailənin görüşünün təşkili müsbət addım kimi dəyərləndirilə bilər".
"Çünki ailə görüşləri cəzaçəkmə müəssisələrində qanun çərçivəsində həyata keçirilsə də, məhkumların böyük əksəriyyəti belə bir görüşün orada olmasını qəbul edə bilmir. Bundan başqa, penitensiar xidmətdə sosial və psixoloji, reabilitasiya və islah işlərinin həyata keçirilməsi sisteminin qurulması lazımdır" – deyə Kərimov əlavə edib.