Dec 27

2018-ci ildə ən böyük uğurumuz İlham Əliyevin yenidən prezident seçilməsidir - deputat

2018-ci ilin başa çatmasına günlər qaldı. Başa vurduğumuz bu ili də Azərbaycan üçün bütün sahələrdə uğurlu hesab etmək olar. Hərbi, iqtisadiyyat, sosial, xarici siyasət, humanitar və mədəni sahələrdə yaddaqalan əhəmiyyətli işlər görüldü.

Publika.az-a müsahibəsində Ana Vətən Partiyasının sədri, Azərbaycan Milli Məclisinin deputatı Fəzail Ağamalı 2018-ci yekunları, yaddaqalan hadisələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaranan situasiya və gözləntilərə dair fikirlərini bildirib.

- Fəzail müəllim, 2018-ci ilin yekunlarını ümumilikdə necə qiymətləndirmək olar, hansı nailiyyətlərimiz, uğurlarımız oldu?

- 2018-ci ildə Azərbaycan dövlətinin, Azərbaycan xalqının ən ciddi uğuru aprel ayında keçirilən prezident seçkiləri oldu. Azərbaycan xalqı seçkilərdə bir daha Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə, onun fundamental prinsiplərinə etimadını və inamını təsdiq etdi, cənab Prezident İlham Əliyevi növbəti yeddi il üçün dövlət başçısı seçdi. Xalqımız yüksək siyasi fəallıq nümayiş etdirdi, ölkə prezidentimiz seçicilərin mütləq əksəriyyətinin etimadını qazandı, gələcək uğurların yeni üfüqləri, imkanları yarandı. Bir daha tam səmimiyyətlə deyərdim ki, Azərbaycanın 2018-ci ildə ən böyük uğuru İlham Əliyevin xalqın inam və etimadını qazanaraq yenidən prezident seçilməsi oldu. Azərbaycanın bütün uğurlarının mənbəyi məhz bu faktordur. Prezidentlə xalqın sarsılmaz birliyi, vəhdəti bütün uğurlarımızı təmin edən çox ciddi amildir.

2018-ci il həm də, Azərbaycan dövləti və Azərbaycan xalqı üçün bütün sahələrdə uğurlu oldu. Ölkə daxilində atılan iqtisadi-sosial addımlar ciddi nəticələr verdi, yeni-yeni layihələr reallaşdırıldı və xarici siyasətdə də əhəmiyyətli uğurlara imza atıldı.

- Bu ilin əlamətdar hadisələrdən biri üçüncü peykimizin orbitə buraxılması oldu. Ümumiyyətlə, bir kosmik ölkə olmaq hansı anlama gəlir və ölkəyə hansı üstünlüklər qazandırır?

- Əlbəttə, bu, Azərbaycanı yüksək inkişaf edən ölkələr sırasına daxil edən çox mühüm göstəricidir. MDB-də bu statusa yiyələnən ölkələr Rusiya, Qazaxıstan, Belarus və Azərbaycandır. Orbitə çıxmağımız təkcə Azərbaycana pul gətirməyəcək, o, həm də Azərbaycan dövlətinin gücünü, qüdrətini, imkanlarını nümayiş etdirən hadisədir. Tam əminəm ki, gələcəkdə də Azərbaycan kosmos ailəsində öz sözünü deyəcək, nüfuzunu möhkəmləndirəcək.

- Bütün illərdə olduğu kimi, 2018-ci ildə də ən böyük gözləntimiz işğal altında olan torpaqların azad olunması istiqamətində idi. Lakin bu, baş vermədi. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ətrafında yaranan hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- 2018-ci ildə işğal altında olan torpaqlarımızın azad olunması ilə bağlı təbii ki, müəyyən gözləntilər var idi və bu ilin əvvəlində kütləvi informasiya vasitələrinə verdiyim müsahibələrdə bu nikbinliyi mən də ifadə etmişdim. Lakin bu olmadı. Bunun ən mühüm səbəbi heç şübhəsiz ki, Ermənistanda xunta rejiminin öz işğalçılıq siyasətini davam etdirməsində israrlı olması və bu siyasətə verilən beynəlxalq dəstəkdir. Lakin buna baxmayaraq, ölkə başçımızın uzun illərdən bəri Ermənistanın işğalçılıq siyasətinə qarşı barışmaz və qətiyyətli münasibəti, qardaş Türkiyə ilə birlikdə onun tam blokadada saxlanılması, beynəlxalq aləmdə hücum diplomatiyamızdan istifadə edilməsi, bütün sahələrdə Ermənistanın işğalçılıq siyasətinin ardıcıl ifşa olunması heç şübhəsiz ki, xunta rejimini süquta uğratdı. 20 il Köçəryan-Sarkisyan cütlüyünün torpaqlarımızın işğalına xidmət edən siyasəti iflasa uğradı. “Məxməri inqilab”la hakimiyyətə yeni qüvvələr gəldi. Hər halda düşünürəm ki, Köçəryan-Sarkisyan cütlüyündən fərqli olaraq Nikol Paşinyanla ya problemin sülh yolu ilə həllində konkret addımlar atılacaq, ya da yetərincə siyasi təcrübəsi olmayan, fikirlərində qətiyyətli mövqe tutmayan, kifayət qədər tərəddüdlü xətt yeridən Paşinyana qarşı Azərbaycan dövlətinin aparmış olduğu fəal xarici siyasət, eyni zamanda ordumuzun güclənməsinə yönəlik addımlar torpaqlarımızın 2019-cu ildə azad olunması üçün ciddi imkanlar yaradacaq. Əminəm ki, Azərbaycan dövləti, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu imkanlardan çox çevikliklə istifadə edəcək. Necə ki, 2016-cı ildə yaranmış situasiyadan əks-zərbə ilə Azərbaycan Ordusu öz sözünü dedi və Ermənistana ağır zərbələr vurdu. Belə bir situasiyanın 2019-cu ildə də yaranacağını istisna etmirəm. İşğal olunmuş torpaqlar və onun ətrafında gedən hadisələr elə bir səviyyəyə çatıb ki, artıq burada konkret söz deməyin zamanı yetişib. Ya danışıqlar yolu ilə problem həll ediləcək, ya da Azərbaycanın şanlı ordusu, qəhrəman əsgər və zabitləri öz sözünü deyəcək.

- Hazırkı situasiyanı qiymətləndirən analitiklər və siyasətçilər bildirirlər ki, Nikol Paşinyana öz hakimiyyətini qurmaq və İrəvanın danışıqlara konstruktiv şəkildə qayıtması üçün vaxt verilib. İrəvanın münaqişənin həlli istiqamətində hansısa müsbət addımlar atacağına inanmaq olarmı?

- Prezident İlham Əliyev beynəlxalq siyasətin hazırda ən aparıcı fiqurlarından biridir. O, beynəlxalq aləmdə gedən prosesləri zərgər dəqiqliyi ilə ölçüb-biçir, olduqca dəqiq və düzgün nəticələr əldə edir. Azərbaycan Prezidentinin Paşinyana şans verməyi əlbəttə ki, dövlət başçımızın seçimidir və düşünürəm ki, doğru seçimdir. Bu seçim həm dünyaya, eyni zamanda erməni cəmiyyətinə və Paşinyana ciddi mesaj idi ki, biz Azərbaycan dövləti sizdən fərqli olaraq yaranmış situasiyadan istifadə edib müharibəyə əl atmadıq, amma bunu edə bilərdik. Azərbaycan Prezidenti imkan verdi ki, problem sülh yolu ilə həll olunsun. Təbii ki, müharibədə işğalçı ölkənin hərbçiləri ilə bərabər Azərbaycan Ordusunun zabit və əsgərlərinin də həlak olması qaçılmazdır. Ölkə Prezidenti bu amili nəzərə alaraq ilk növbədə problemin sülh yolu ilə həll edilməsinə üstünlük verir. Ancaq, bəlli olduğu kimi, işğal altında olan torpaqlarımızın hərbi yolla azad edilməsi heç vaxt istisna edilməyib, dövlət başçımız də bunu ən müxtəlif səviyyələrdə dilə gətirib. Baxaq görək, Azərbaycan tərəfindən verilən yüksək şans və imkan Paşinyan tərəfindən necə qiymətləndiriləcək? Əgər qiymətləndirə bilsə, Paşinyan öz xalqına da əhəmiyyətli xidmət göstərmiş olacaq. Yox əgər, Paşinyan erməni riyakarlığına növbəti dəfə söykənərək bu şansı qiymətləndirməsə, onda Azərbaycan Ordusu öz sözünü deyəcək. Tam əminəm ki, bu, təkcə işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələnməyəcək, eyni zamanda Ermənistan dövlətini sarsıdacaq, miqrasiyanı gücləndirəcək, iqtisadiyyata, dövlət strukturlarına ağır zərbələr endirəcək və Ermənistan dövlətinin məhv olması qaçılmaz olacaq. Seçim indi Paşinyanındır.

- 2018-ci ildə Azərbaycan iki hərbi parad keçirdi, ən müasir silahlar nümayiş etdirildi və düşmən Azərbaycan Ordusunun gücünü bir daha gördü. Bunu Paşinyanın seçiminə təsir edə biləcək mesaj kimi qiymətləndirə bilərikmi?

- Təkcə paradlar deyil, Azərbaycan Ordusunun vaxtaşırı keçirdiyi hərbi təlimlər də birbaşa Ermənistan cəmiyyətinə, Ermənistan hakimiyyətinə və onun himayədarlarına, erməni diasporuna, ayrı-ayrı güc mərkəzlərinə ciddi mesajdır. Bunlar Azərbaycanın qüdrətini birbaşa gördülər, izlədilər və inanıram ki, ciddi nəticələr çıxarıblar. Bu gün dünyanın aparıcı hərbi ekspertləri Azərbaycan Ordusunu ən güclü ordu kimi dəyərləndirirlər.

- Ermənistanda bu il baş verən inqilaba toxundunuz. Şübhəsiz ki, 20 illik xunta rejiminin çökməsində Azərbaycanın apardığı təcrid siyasəti mühüm rol oynadı. Hadisələrin belə nəticələnməsində daha hansı amillərin adını çəkmək olar?

- Burada əsas amil Köçəryan-Sarkisyan cinayətkar rejiminin həyata keçirdiyi siyasət və bu rejimin çökməsində dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi siyasət, Ermənistanı təcrid etmək xətti, bütün beynəlxalq səviyyələrdə Ermənistanın ifşa olunaraq, küncə sıxışdırılması öz əhəmiyyətli rolunu oynadı. Ermənistan cəmiyyəti son dərəcə müflisləşdi, Ermənistan dövləti ciddi problemlər yaşamağa başladı, əhali bir tikə çörək üçün kütləvi şəkildə ölkəni tərk etmək məcburiyyətində qaldı. İqtisadiyyat çökdü, sosial böhran ağır mərhələyə qədəm qoydu və bütün bunlar nəhayət, öz nəticəsini verdi. Sərkisyan rejiminə qarşı minlərlə insanın küçəyə çıxması, və rejimin süqutu bir daha təkrar edirəm, Azərbaycanın 20 ildən artıq ardıcıl və düşünülmüş təzyiq siyasətinin məntiqinə söykənir. Bu birmənalıdır. Qaldı Paşinyana, məncə, o, Moskvadan daha çox Qərbin adamıdır. O, Rusiyadan əlaqələrini dərhal kəsməkdən, Rusiyanın Ermənistandakı hərbi, siyasi və iqtisadi dayaqlarından qorxur, eyni zamanda, düşünür ki, bundan o yana Rusiyadan heç nə ala bilməyəcək. Sosial və iqtisadi problemlərini aradan qaldırmaq üçün Rusiya Ermənistana heç nə edə bilməyəcək, çünki Rusiyanın özü bu gün çətin durumdadır. Paşinyan ölkəsini ağır iqtisadi-sosial durumdan xilas etmək üçün üzünü Qərbə tutur. Qərb də hələlik gözləyir: Paşinyanın iki stulda oturmaq cəhdi baş tutacaqmı? Bu, kifayət qədər çətin sualdır. Ona görə də hadisələrin gedişini gözləyək. Mənə elə gəlir ki, Ermənistanda gedən proseslər işğal altında olan torpaqlarımızın azad olunması üçün imkanlar yaratmaqdadır.

- 2018-ci il bizim üçün həm də ona görə yaddaqalan oldu ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu...

- Bu il müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi hər bir azərbaycanlının şərəf tarixidir. Bizim hər zaman ruhları qarşısında baş əydiyimiz Cümhuriyyət yaradıcıları böyük çətinliklərlə, Azərbaycanı indikindən daha ağır şəkildə parçalamaq planlarının olduğu bir zaman kəsiyində ölkəmizi müstəqil dövlət kimi tanımamağa yönələn bütün cəhdlərə sinə gərərək, Parisdə, Versal sarayında dövlət müstəqilliyimizi tanıtdıra bildilər. Azərbaycan özünü əsl demokratik respublika kimi təsdiq etdi. Təəssüflər olsun ki, bu dövlətin ömrü uzun olmadı. Bolşevik Rusiyası Azərbaycanı 1920-ci il aprelin 27-də işğal etdi. Lakin şüurlarda, düşüncələrdə, daxili dünyamızda azadlıq ideyasını məhv etmək mümkün olmadı. Nəhayət, biz müstəqilliyimizi əldə etdik və şükürlər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd etdik. Eyni zamanda, parlamentin, ayrı-ayrı dövlət təsisatlarının 100 illiyini keçirdik. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti, cənab İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan etdi. Təkcə 28 may tarixi ilə kifayətlənmədik, bu günə qədər bu qürur tariximizi qeyd etməkdəyik.

2018-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin 95 illiyini də qeyd etdik. Müasir Azərbaycan dövlətinin banisi, qurucusu və memarı olan Ulu Öndərimizin 95 illiyi 2018-ci ilin ən mühüm tarixi hadisələrindən biridir. İlin daha mühüm bir hadisəsi cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin, Azərbaycan xalqının etimadını qazanmasının 15 illiyi idi. Bu 15 ildə Azərbaycan xalqı on illiklərin yolunu keçdi, Cənubi Qafqazın lider ölkəsinə çevrildi. Azərbaycan 15 ildə hərbi və iqtisadi gücünə görə dünyanın aparıcı dövlətləri sırasında yer aldı. Dünya İqtisadi Forumunun “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan bir sıra indiqatorlar üzrə öz mövqeyini möhkəmləndirdi və irəliyə çıxdı. Yeni metodologiya əsasında müəyyənləşdirilən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın bir daha mövqeyini möhkəmləndirməsi onun sosial-iqtisadi inkişafının davamlı və dayanıqlı olmasından xəbər verir. Dünyada gedən iqtisadi sarsıntılar, böhranlar Azərbaycanın yüksək yerə çıxmasına müəyyən şübhələr doğururdu. Lakin yeni metodologiya üzrə aparılan araşdırmalar sübut etdi ki, Azərbaycan yerində dayanmır, geriyə getmir, əksinə önə çıxır. Daha sonra, 2018-ci ildə Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olundu. Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan edildi. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə yaxşılaşaraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəldi. Azərbaycan bu nəticələrlə inkişaf etmiş ölkələr sırasına böyük sürətlə daxil olduğunu sübut etməkdədir. Başa çatmaqda olan 2018-ci il həm də Bakı Beynəlxalq səviyyəli forumların, görüşlərin məkanı kimi dünyaya xoşməramlı töhfələrini verdi. İdmançılarımız beynəlxalq yarışlarda ciddi nailiyyətlərə imza atdı, çoxsaylı medallarla vətənimizi idman ölkəsi kimi bir daha təsbit etdi.

2018-ci ildə sosial sahədə Azərbaycan Prezidentinin xüsusi fərmanları oldu, kadr siyasətində ciddi addımlar atıldı, yeni müasir idarəetmə keyfiyyətlərini özündə ifadə edən, cəmiyyətdə kifayət qədər müsbət reputasiyası olan insanlar vəzifələrə təyin olundu. Vergi sistemində iqtisadi və sosial sahədə, təhsildə, səhiyyədə islahatlar davam etməkdədir. Ordumuzun gücü artmaqda davam edir. Sabitliyin təminatçısı kimi hüquq mühafizə orqanları fəaliyyətlərini uğurla davam etdirirlər.

“Cənub Qaz Dəhlizi”nin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Türkiyədə “Star” zavodunun açılışı ciddi hadisə kimi xüsusi olaraq qeyd edilməlidir. Bütövlükdə 2018-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad olunması istisna olmaqla, bütün sahələrdə uğurlara imza atdıq.

- Fəzail müəllim, siz 100 yaşlı parlamentin üzvüsünüz. Bu parlamentin işini necə qiymətləndirirsiniz?

- Azərbaycan parlamenti dövlətimizə böyük töhfələr və xidmətlər göstərməkdədir. Əsası 1995-ci ildə Ulu Öndərimiz tərəfindən qoyulan müstəqil Azərbaycan parlamenti öz üzərinə düşən qanunvericilik missiyasını uğurla davam etdirməkdə, Azərbaycan dövlətinə və Azərbaycan xalqına əhəmiyyətli töhfələr verməkdədir.

- Siz yuxarıda təhsil sahəsində davam edən islahatlara toxundunuz. Həmkarınız, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Qüdrət Həsənquliyev bu sahədəki bir problemə toxunub. O, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb. Məktubda, xüsusilə Astara, Lerik və Lənkəranda qızların təhsil alması sahəsində problemə diqqət çəkilir. Bu problemin həlli yollarını necə görürsünüz?

- Hörmətli həmkarımız Qüdrət Həsənquliyevin milli dövlətçiliyimizə və xalqımızın inkişafına hədəflənən bu və buna bənzər açıqlamalarını hər zaman müdafiə etmişəm. Bu fikirlərlə də bölüşürəm. Cənubda hələ də yetkinlik yaşına çatmayanların nikahdankənar ailə qurması problemi var. Mənə elə gəlir ki, 2019-cu ildə bu istiqamətdə xüsusi addımlar atılmalıdır. Ailələrlə, valideynlərlə profilaktik iş aparılmalı, maarifləndirmə genişlənməli, təkcə Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətlə kifayətlənməli deyilik. Təhsil Nazirliyi də, icra başçıları da, siyasi partiyalar da, kütləvi informasiya vasitələri də, qeyri-hökumət təşkilatları da bu baxımdan fəaliyyətini yüksək səviyyədə qurmalıdır ki, bu problemin mövcud olduğu rayonlarda qızlarımız təhsil alsın və cəmiyyətimizdə fəal rol oynasınlar.

- Fəzail müəllim, son olaraq, 2019-cu illə bağlı arzularınızı eşitmək, gözləntilərinizi bilmək istəyirdik?

- Qarşıdan gələn 2019-cu il münasibətilə cənab Prezidentimiz başda olmaqla, ona sadiq olan bütün komanda üzvlərini, cənab Prezidentimizin ailəsini, övladlarını, dövlətimizə, xalqımıza sədaqətlə xidmət edən bütün soydaşlarımızı, sizləri – kütləvi informasiya vasitələrinin nümayəndələrini, onların ailələrini, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, can sağlığı arzulayıram. Əminəm ki, son 15 il ilin uğurlarına söykənərək, 2019-cu ildə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti ciddi nailiyyətlərə imza atacaq. Qətiyyən şübhə etmirəm ki, xalqımız arasında və dünyada nüfuz sahibi, görkəmli dövlət xadimi, vətənpərvər, qətiyyətli, prinsipial Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında növbəti illərdə Azərbaycanımız dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək.

Bənzər xəbərlər

Gündəm

0.035703182220459