Dec 21

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası olub

Dekabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Mozalan.az" a bildirilib ki, komitə sədri Bəxtiyar Əliyev gündəliyə bir məsələnin – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) daxil edildiyini deyib.

Müzakirəyə təqdim olunan qanun layihəsi barədə məlumat verən komitə sədri bildirib ki, layihə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb.

O diqqətə çatdırıb ki, sənəddə “Təhsil haqqında” Qanuna təklif edilən dəyişiklik məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsini nəzərdə tutub.

Qanun layihəsi ilə bağlı çıxış edən komitənin sədr müavini Musa Qasımlı və komitə üzvləri Kamilə Əliyeva, Etibar Əliyev, Aqiyə Naxçıvanlı, Tamam Cəfərova, Anar İsgəndərov dəyişikliklərin əhəmiyyətini və aktuallığını qeyd ediblər. Deputatlar təhsil sahəsi ilə bağlı bəzi qeydlərini də səsləndiriblər.

Onlayn iclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

 
 

Bənzər xəbərlər

Gündəm

0.09907078742981