Rus “ehsan”nı
Söz vaxtına çəkər, 5 il qabaq elə bu vaxtlar həmişəki kimi Nərimanovdakı görüş yerimiz olan çayxanada yığılmışdıq. Qəribə kampaniyamız vardı, hamımız müxtəlif peşələrin sahibləri idik. Ancaq möhkəm dostluğumuz vardı.
Şəkili Abdulla qapı -pəncərə ustasi, əslən şamaxılı olan Anar şirkətlərin birində hüquqşünas, onun pəltək qardaşı , “Kiki” ləqəbli Namiq həkim, ağdamlı Mehdi sürücü və içimizdə yeganə “rusdilli” Azər müəllim idi. Bizi birləşdirən əsas amillərdən biri də domino həvəskarımız olmağımız idi. Hər gün işdən sonra mütləq yığışırdıq.
Bu gün də növbəti dəfə yığılmışdıq. Ancaq Azər 2 gün idi ki, gözə dəymirdi. Yoldaşı Mariya xəstə idi. Əslində Mariya onun ikinci arvadı idi. Birinci arvadı azərbaycanlı olmuşdu. Amma rus xasiyyətdə olan Azərlə arvadı yola getmədi. Ayrıldılar. Bir qızı da vardı əvvəlki həyat yoldaşından. Aliment ödəyirdi . İndiki arvadı Mariya Bakı rusu idi. Uşaqları olmasa da mehriban yola gedirdilər.
Di gəl, Mariya o zəhrimar xəstəliyə tutulmuşdu. Deyəsən sağalma şansı yox idi. Odur ki, Azərin eyni açılmırdı. Yəqin yenə halı dəyişmişdi deyə Azər gəlib çıxmamışdı.Namiq də hələ gəlməmişdi. Qalan kampaniya hamısı burda idi.
Elə çayları təzə süzmüşdük ki, Namiq həyəcanlı halda masaya yaxınlaşdı. Adi halda Namiq normal danışırdı,həyəcanlananda isə pəltəkliyi biruzə verirdi:
-Bbb..bu..
-Ay Namiq,bir sakitləş görək nə deyirsən, bb nədi?
-Bbb bura baxın, Mariya rəhmətə gedib.
Bir- birimizin üzünə baxdıq. Çay içmək vaxtı deyildi. Azərgilin evinə yollandıq. ..
Mariya ölməmişdən qabaq, Azərə vəsiyyət edibmiş ki, onu rus adətincə dəfn etsinlər. İşin birinci hissəsi ondan ibarət idi ki, tabut düzəlməliydi. Varlı ruslar öz ölülərin bahalı ağac növündən olan ,məxmərlə döşənmiş tabutda dəfn edir. Azərdə bahalı ağaca pul hardan idi. Elə Abdullanın qapı-pəncərə sexində şam ağacından tabut düzəltdik. Ustalığına söhbət ola bilməzdi,yaxşı xarrat idi Abdulla. Tabuta görə xeyli ağac materialı işlənsə də dostundan pul almağı ağlına belə gətirmədi. Nə isə..Mariyanı tabuta qoyub dəfn etdik. Dəfnə bir-iki rus qohumu da gəlmişdi.
İndi qalmışdı işin ikinci tərəfi. Mariyanın qohumları gələcəkdi, rus “ehsanı” verməliydik. Burda artıq baş məsləhətçi kimi məni seçdilər. Nə də olsa 12 il Rusiyada yaşamışdım.
Siyahı tutdum, marketdən əməlli bazarlıq etdik- müxtəlif turşular, konserva,pendir,kolbasalar,limonad, ən əsası xeyli araq. Araqsız rus yası mollasız azərbaycanlı yası kimi bir şeydi. Yasda ölünü xatırlamaq üçün mütləq içməlisən. Buna “pominki” deyirlər.
Azərgildə gözəl yas süfrəsi açdıq. Qonaqlar gəlməmiş bütün kampaniyamızı yığıb instruktaj etdim:
-Demək belə , bu toy deyil, arağı içəndə rumkaları bir-birinə vurub cingildətməyin. Süzün, qəmgin ifadə ilə için getsin. Çalışın mərhum haqda hərəniz bir söz deyin. Rus dilində bilməyən danışmasın.Yasda Mariyanın qohumları olacaq. Azərin adına layıq yas olsun. Görsünlər ki, necə dostları var. Anladız?
Hamısı başını tərpətdi.
Qonaqlar yavaş –yavaş yığıldı. Təxminən 10-12 nəfər rus və biz. Əvvəlcə hər şey mən planlaşdırdığım kimi gedirdi. Mariyanın əmisioğlu rusca dua oxudu. Sonra badələri qaldırıb bir-birinə vurmadan içdik.
6-cı badəni vurandan sonra baxdım ki, şəkili Abdullanın eyni əməlli –başlı açılıb, elə Azərin də. Növbəti badə qaldırılanda Abdulla ayağa qalxıb söz demək istədi. Ayağından basdım ki, otur aşağı. Rus dilində bilmirdi. Nə deyəcəkdi ki bu?
Amma bu uzun sürmədi . Uşaqlar əməlli-başlı şənlənmişdi. Məni məzəmmət etdilər ki, o kişi tabutu pulsuz düzəldib, qoy ürək sözünü desin. Dostlar mənəvi dəstək alan şəkili Abdulla daha dözmədi, əlinə badə alıb qalxdı ayağa:
-Həblə, hammoz xoş gəlmisuz. Azər, Allah Mariyaya rəhmət etsin. Sənə də cansağlığı. Ə, gözəl süfrə açmısan ,halaldı.Bunu içirəm şəxsən sənin sağlığına. Bax bu evinə ,həmmişə xeyir işlərə gələk.
Utandığımdan gözlərimi yumdum. Dedim yaqin Azər indi inciyəcək Abdullanın bu sərxoş tostundan .
Amma yox, deyəsən incimədi. Qulağıma toqquşan badələrin cingiltisi gəldi. Gözlərimi açdım ki, Azərlə Abdulla badələri cingildədib arağı icdilər, sonra bir-birlərini xeyli tərifləyib öpüşdülər. Namiq,Mehdi, Anar da qarışıb bunlara. Yazıq rusların da gözü qalıb bərələ. Əlqərəz, 15 dəqiqədən sonra ruslar aradan çıxdılar.
Bizim isə düzənlədiyimiz rus “yas”ı gecədən xeyli keçmişə kimi davam elədi. Xeyli şənləndik. İndi də kiminsə toyunda ,xeyir işində yığışında Abdullanın yadına Mariyanın yası düşür : “ Ciyimin canı haqqı, bu toylar ləzzət eləmir, heyif deyil rus yası.”
İlqar Atabəyli