Həbs edilən fermerin çobanı ona qarşı 45 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavid Səlimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub, həbs qətimkan tədbiri seçilib və Cavid Səlimov məhkəmə zalında həbs edilib.
İttihama görə, 2022-ci ildə heyvandarlıqla məşğul olan zərərçəkmiş Fərrux Qarayev (şərti) təqsirləndirilən Cavid Səlimova saxlanılması və artırılması üçün dəyəri 44 680 manat olan mal-qara, ev quşları verib. Daha sonra zərərçəkmiş həbs edilib və təqsirləndirilən şəxs də bundan istifadə edərək həmin mal-qara, ev quşlarını sataraq dələduzluq edib.
Hadisədən sonra Cavid Səlimov cinayət məsuliyyətinə cəlb edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.