Regional Təhsil İdarəsi Fəzail Ağamalı və Etibar Əliyevə cavab verdi - FOTO
"Son günlər millət vəkilləri tərəfindən sosial mediada Salyan rayon sakini İbrahim Hüseynovun texniki ştat vahidi üzrə işə götürülməsi, vəzifəsinin dəyişdirilməsi ilə bağlı paylaşılan məlumatlar Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən araşdırılmış və məsələ ilə bağlı açıqlama verilib".
Mozalan.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.
Millət vəkilləri Fəzail Ağamalı və Etibar Əliyevin sosial mediada verdikləri, reallığı əks etdirməyən birtərəfli məlumatlara cavab olaraq bir daha bildirilib ki, Sənan Mənsimli tərəfindən işə götürülməsi iddia edilən İbrahim Hüseynov öz xahişi və müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi"nin Məşğulluq Alt Sisteminin vakansiya göndərişi əsasında 15.09.2021-ci ildə Salyan rayonu Qarabağlı kənd 1 nömrəli tam orta məktəb direktorunun əmri ilə texniki vəzifə üzrə işlə təmin olunub.
"Sənan Mənsimli 29.04.2022-ci il tarixdə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat (işə təyinat əmri əlavə olunur) almışdır. Əmrlərdən göründüyü kimi, İbrahim Hüseynovun Qarabağlı kənd 1 nömrəli tam orta məktəbində işə təyinatı Şirvan-Salyan Regional Təhsil İdarəsinin yaranmasından öncəki dövrə təsadüf edir.
Qeyd edək ki, İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət etməmişdir.
Ümumiyyətlə, şəhid ailə üzvlərinə və qazilərə həssas münasibət təhsil sahəsində də ən ümdə məsələlərdən biridir. Məlumat üçün bildiririk ki, ölkə üzrə 3500-ə yaxın şəhid və qazi ailə üzvü bu sahədə müxtəlif vəzifələrə işə qəbul olunub. Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı gündən tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinə 42 nəfər şəhid ailəsi üzvü, 54 nəfər qazi müxtəlif vəzifələr üzrə işlə təmin edilmişdir. Onu da qeyd edək ki, millət vəkilləri tərəfindən bu kimi yanlış və birtərəfli məlumatların sosial mediada əksini tapması ciddi təəssüf doğurur", - idarənin məlumatında bildirilib.