Fazil Mustafa Prezidentliyə namizəd olacaq? - Özü AÇIQLADI
"Bizim seçkilərdə aktiv iştirak etmək niyyətimiz var və bu niyyətimiz də partiyanın rəhbər qurumunda müzakirə olunandan sonra bəlli olacaq".
Mozalan.az xəbər verir ki, bunu gələn ilin fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirak edib-etməyəcəyi barədə danışan Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib.
O bildirib ki, hələlik heç bir namizədlik irəli sürülməyib:
"Belə bir məsələ ancaq bizim partiyanın rəhbər orqanında müzakirədən sonra partiyanın qərarı olaraq açıqlana bilər. Ona görə də biz hər hansı bir bitərəf, yaxud da sərbəst bir siyasətçi olsaq, bunun problemi yoxdur. Amma partiya rəhbəriyəm, Böyük Quruluş Partiyasının başqanıyam, ona görə də partiyanın qərarı ilə bu addımın atılması daha məqsədəuyğundur. Çünki biz fərd olaraq seçkidə iştirak məsələsini yox, partiya olaraq seçkidə öz namizədi ilə iştirak məsələsini müzakirə etməliyik. Hələ ki, belə bir qərarımız yoxdur. Bu, müzakirədən sonra bəlli olacaq. Yaxın zamanlarda partiyanın rəhbər orqanlarının müəyyən toplantısı keçiriləndən sonra bu barədə qərar verəcəyik. Amma bütün hallarda namizəd olub-olmamaqdan asılı olmayaraq, seçkilərdə siyasi partiya olaraq üzvlərimiz ən fəal şəkildə iştirak edəcəklər. Çünki bizim prinsipimiz budur ki, bütün seçkilərdə, istər prezident, istər parlament, istər bələdiyyə seçkilərində partiya olaraq bu bizim həm də mobilliyimizin daha çox faydası olduğuna görə iştirak etməyi qərarlaşdırmışıq. Konkret olaraq bizim bu prezident seçkilərində ayrıca partiyanın namizədinin iştirakı məsələsi partiyanın rəhbər orqanlarında müzakirədən sonra bəlli olacaq".